Turistlər Azərbaycanı niyə seçir? - ARAŞDIRMA

6 Noyabr 2019 14:43 (UTC+04:00)

“Azərbaycanda qış turizmi inkişaf edir. Ümumilikdə götürsək Azərbaycana ən çox turist gələn dövr yay dövrüdür. Yay turizmi Novruz bayramından başlayır və sentyabrın sonlarına qədər davam edir. Bu, Azərbaycana gələn xarici qonaqların pik dövrüdür. Payız və qış aylarında da ölkəmizin qonaqları çoxsaylı olur. Lakin qonaqların sayı yay aylarına nisbətdə az olur”. Bu fikirləri SİA-ya Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Qurum rəhbəri təəssüflə qeyd edib ki, Azərbaycanda turizm hələ də mövsümsüz deyil: “Payızın, qışın öz özəllikləri və bir sıra turizm növləri var ki, mövsümə aidiyyəti yoxdur. Tarixi yerlərin gəzintisi, mətbəx turizmi, sağlamlıq, tibbi turizmi misal göstərmək olar. Qış turizmində yeni platforma “Ski Azərbaycan” yaradılıb. Bu platforma da dağ xizəyi ilə bağlıdır. Biz də ötən qışdan bu qışa qədər xarici ölkələrdə bunun təbliğatını aparmışıq. Ona görə də biz bu il qışda ötən illərdən daha çox qonaq qarşılayacağımızı düşünürük. Bizim əsas təbliğatını apardığımız turizm istiqamətlərindən biri də işgüzar turizmdir ki, Azərbaycanda böyük beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün çox uğurlu platformalar var. Bu həm Bakıda Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Baku Cristal Hall, Olimpiya stadionu, eyni zamanda Quba, Qusar, Qəbələ, Şəki, Gəncə və Lənkəran zonasında işgüzar turizm üçün əlverişli mərkəzlər var”.

Son illərdə Azərbaycanda sağlamlıq turizminə milyonlarla sərmayə qoyulduğunu deyən agentlik sözçüsü qeyd edib ki, Azərbaycanın 3 dünya səviyyəli sağlamlıq xidməti göstərən məkanları var: “Buna misal olaraq “Duzdağ” Fizioterapiya Mərkəzidir ki, orada müvafiq infrastruktur yaradılıb, ikinci Naftalan və Qalaaltıdır ki, bunlar dünya şöhrətli yerlərdir. Buralarda göstərilən xidmətlər çox yüksək səviyyəlidir. İndi burada daha az büdcəli obyektlərin də təmin olunması üçün işlər görülür. Məqsəd buraya gələn qonaqların sayının daha da artırılmasıdır. Azərbaycanın sağlamlıq turizmin imkanları dünyada çox yaxşı tanıdılıb.

Kənan Quluzadə onu da əlavə edib ki, Azərbaycanda turizm sektoruna xarici investisiyalar edilib və ediləcəkdir: “Dövlət Turizm Agentliyi olaraq biz həm dövlətlərarası, həm investorlarla danışıqlar aparırıq ki, gələcəkdə də sərmayələrin həcmi artsın. Bu məsələyə dövlət tərəfindən də diqqət ayrılır ki, gələcəkdə də Azərbaycana sərmayə qoyulsun. Bu gün xarici investorlarla danışıqlar aparırıq və Azərbaycana maraq böyükdür. Onlar Azərbaycanda otellər, turizm mərkəzləri tikmək istəyirlər və biz onların maraqlarını təmin etmək, şərait yaratmaq üçün hazırıq.

İlkin dövrdə Azərbaycanda yaradılan infrastruktur bahalı turizm infrastrukturudur. Yəni ki, çoxulduzlu otellər, dünya brendləri və s. Lakin turistlərin sayının, tələbatın da artması ilə təkliflər fərqli formalaşır. Formalaşan Azərbaycan turizm sənayesi maraqlıdır ki, Azərbaycanda bu gün az və orta büdcəli otellər də fəaliyyət göstərsin. Son 1-2 ildə hostellərin sayı dəfələrlə artıb, dövlət olaraq rayonlarda 3 və daha az ulduzlu otellərin tikintisində çox maraqlıyıq və bu cür otelləri tikəcək investorlara da müvafiq güzəştlər də edilir”.

Qurumun mətbuat katibi söyləyib ki, dövlət başçısının formalaşan turizm sənayesi üzvlərinin qarşısında qoyduğu əsas iki məsələ var: “Azərbaycana gələn turist axını çox olsun və qonaqlar məmnun yola salınsın. Hədəfimiz odur ki, 2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayı 4 milyona çatsın. Biz artıq bu il sərhəddə Azərbaycanın 3 milyonuncu qonağını qəbul edəcəyik. Hədəfimiz odur ki, yaxın 10 il ərzində ümumdaxili gəlirdə turizmin payı 6 faizi keçsin. Bunu dünya göstəriciləri ilə müqayisə edəndə Azərbaycanı top iyirmiliyə daxil ediləcək. Ən əsas hədəfimiz odur ki, Azərbaycan regional turizm mərkəzinə çevrilsin”.

Payız mövsümü olmasına baxmayaraq ölkəmizə turistlər gəlməkdə davam edir.

Səudiyyə Ərəbistanından gələn Məhəmməd Ər-Riyadda yaşayır. Bakı artıq onun ən çox sevdiyi şəhərlər arasındadır: “Bakı sevimli şəhərdir, sevimli insanları var və təhlükəsizdir. Ona görə də mən buranı, burada gördüyüm hər şeyi sevirəm. Bakıda keçirdiyim hər gündən həzz alıram və gəldiyim gündən heç darıxmıram. İlk dəfədir ki, burada oluram və yenə gəlmək istərdim”.

Pakistanlı Hüseyn deyir ki, o dostunun tövsiyəsi ilə Bakıya gəlib: “Dostum dedi ki, Bakı çox gözəl şəhərdir. Buna görə də mən buranı seçdim. Bura doğrudan da çox gözəl yerdir. Bundan öncə mən Qəbələdə olmuşam. Qəbələ dünyadakı cənnətdir. Ora həqiqətən çox gözəl yerdir. Mən Qəbələni çox sevdim. Əlbəttə əgər bir daha bura gəlmək şansı əldə etsəm heç vaxt qaçırmaram”.

Dubaydan gələn İbrahim də dostunun məsləhəti ilə istirahət məqsədi ilə Bakıya üz tutub: “Mən Bakı haqqında dostlarımdan eşitmişdim. Onlar buranın çox gözəl olduğunu dedilər və qərar verdim ki, gəlib buranı görməliyəm. İlk öncə mən Bakıya gəldim, şəhəri gəzdim və Nizami küçəsində oldum. Daha sonra Qəbələ və Oğuza getdim. Xalxalda şəlalədə oldum çox gözəl yerlərdi. Mən orada çoxlu şəkillər çəkdim. Sonra yenidən Bakıya gəldim. Ən çox dağları və ağacları sevdim. Mən çox ölkədə olmuşam, amma belə rəngarəng ağaclar görməmişəm. Hər kəsə bura gəlməyi məsləhət görürəm, bura çox gözəldir”.

Türkiyədən gələn Sərxan isə beyin cərrahıdır. Əməliyyat üçün Bakıya üz tutub, eyni zamanda fürsətdən istifadə edərək Bakını gəzir: “Mən əməliyyat üçün Bakıya gəlmişəm. Bakı çox gözəldir çox bəyəndim. Türkiyədə həmişə bir millət iki dövlət sözünü işlədirlər. Mən bunun həqiqətən də belə olduğunu burada gördüm. İnsanlar çox qonaqpərvərdir. Tarixiniz, memarlığınız çox gözəldir. Bakı çox təmiz şəhərdir. Bizi belə gözəl qarşıladığına görə Azərbaycan xalqına təşəkkür edirəm, yaxşı ki varsınız və bizim qardaşımızsınız”.

Aysel Məmmədova