"Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması..." EKSPERT RƏYİ_ÖZƏL

6 Noyabr 2019 12:50 (UTC+04:00)

“Dünya İqtisadi Forumunun bu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, dünyada isə 11-ci olması ölkəmizdə dəmir yollarının yenidənqurulması ilə bağlı mühüm işlərin görüldüyünün bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, "Qlobal Rəqabətlilik Hesabatı" hazırlanan zaman həmin dövrdə ölkələrdə həyata keçirilən islahatlar, layihələr nəzərə alınır: “Bu baxımdan Azərbaycanın həyata keçirdiyi mühüm layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilməsi, eləcə də "Azərbaycan Dəmir Yolları"ı tərəfindən dəmir yolları xətlərinin yenidənqurulması istiqamətində əhəmiyyətli işlərin görülməsi beynəlxalq təşkilatların da diqqətindən yayınmır”.

Ekspert qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində Çindən çıxan məhsullar Avropa bazarlarına gedir: “ Bununla yanaşı Ələtdə limanın qurulması, yük daşımaların həcminin artması və digər bu istiqamətdə görülən işlər əlbəttə ki, beynəlxalq hesabatlara da öz müsbət təsirini göstərir. Bu da Azərbaycanın hesabatda MDB ölkələri arasında 1-ci, dünyada isə 11-ci yerdə qərarlaşmasına imkan yaradır. Bunlar həm də ölkəmizlə əməkdaşlıq etmək istəyən xarici şirkətlərin sayının da artmasına şərait yaradır”.

Qeyd edək ki, reytinq cədvəlində Rusiya 64,6 bal toplayaraq MDB-də 2-ci, dünyada 17-ci, Ukrayna 52,9 bal toplayaraq MDB-də 3-cü, dünyada 34-cü, Tacikistan 51 bal toplayaraq MDB-də 4-cü, dünyada 37-ci, Gürcüstan 48,9 bal toplayaraq MDB-də 5-ci, dünyada 43-cü, Ermənistan 35,1 bal toplayaraq MDB-də 6-cı, dünyada 67-ci, Moldova 33,8 bal toplayaraq MDB-də 7-ci, dünyada 69-cu, Qırğızıstan isə 30,1 bal toplayaraq MDB-də 8-ci, dünyada 77-ci olub.

Hesabatda Birlik ölkələrindən Belarus, Qazaxıstan, Özbəkistan və Türkmənistan sözügedən indekslə əhatə edilməyib.