Lənkəranda mədəniyyətin səyyar briqadaları növbəti təlim keçiriblər FOTO

1 Noyabr 2019 12:46 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət evlərinin rəhbərlərinin iştirakı ilə növbəti regional təlimlər təşkil olunur.

Elmi-Metodiki və İxtisasartırma Mərkəzdən SİA-ya bildirilib ki, təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsini təmin etmək məqsədi ilə, mərkəz və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qənaətinə gəlib.

Oktyabrın 31-i və noyabrın 1-də Lənkəran şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib. Mədəniyyət Məkəzində, Mərkəzinin direktoru Xafiz Mirzənin iştirakı ilə keçirilmiş təlim Lənkəran rayonun Mədəniyyət evlərində çalışan əməkdaşlar üçün təşkil olunub.

Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev “Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar”, əməkdaşları Elnarə Hacıyeva “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, Elnur Hacıbabayev “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, Nadir Məmmədov “Klub işinin təşkili”, İrina Özçoban “Mədəniyyət müəssisələrinin fəaliyyətinin təbliği əsasları”, Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov “Mədəniyyət evlərinin fəaliyyətinin təşkili: xüsusiyyətləri və qaydaları”, Bakı şəhər H.Abbasov adına Mədəniyyət Evinin direktoru Tofiq Dadaşov “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları” mövzularda təlimlər təqdim ediblər.

Çıxış edənlər Mədəniyyət evlərində dərnəklərin yeni tədris modullar əsasında keçirilməsindən, ödənişli xidmətlərdən, marketing və menecmentdən, onlayn təbliğatdan bəhs ediblər. Mədəniyyət Mərkəzinin direktoru X. Mirzə çıxış edərək, Lənkəran rayon mədəniyyət evlərinin gördüyü işlərdən və gələcək planlardan danışıb.

Daha sonra təlim dinləyiciləri və iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti təlimin ünvanı Sabirabad rayonu olacaq. Bu günə qədər Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy şəhərlərində müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib.