PUL

28 Oktyabr 2019 18:47 (UTC+04:00)

Ramiq Muxtar, Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq Mükafat laureatı

Mərhum şair dostum Rüfət Zəbioğlunun xatirəsinə

Qul oğlun şahə qaldırar,
Şah oğlun taxtdan saldırar.
Qan içəndən can aldırar
Pul.

Harınlara arxa, dayaq,
Tamarzıdan qaçaq uzaq,
Mərəzi hiylə, badalaq
Pul.

Haqq yoluna çəpər çəkər,
Dövrəsinə tikan əkər,
Cin, şeytana papış tikər
Pul.

Hər qazana girib bişməz,
Sehrbazdı ələ düşməz,
Yüngül çəkilə güləşməz
Pul.

Sələmçini tələsdirər,
Bacı-qardaşı küsdürər,
Ölüyə də iş kəsdirər
Pul.

Aləmdə "firon" olsa da,
Lövbərin göydə salsa da,
Min kərə bic doğulsa da,
Yaxşı bilir kimliyin pul.
Düşünən baş, iki ələ
Həm möhtacdır, həm də ki, qul.