Dağ zirvəsində yerləşən antik şəhər "Maçu Picçu"

28 Oktyabr 2019 14:54 (UTC+04:00)

Bu günə qədər çox yaxşı qorunaraq gələn antik İnk şəhəri olan Maçu Picçu 7 iyul 2007-ci ildə Dünyanın yeni yeddi möcüzəsindən biri olaraq seçilib. Bəs nədir bu şəhəri bu qədər əsrarəngiz və möcüzəli edən?

And dağlarının zirvələrindən birində, 2.360 m yüksəklikdə, Urubamba vadisində yerləşən antik şəhər, Perunun Kusko şəhərinə 88 km məsafədədir. Şəhər İnkli bir hökümdar olan Pachacutec Yupanqui tərəfindən təxminən 1450-ci illərdə inşa edilib. İspan istilaçılar 1532-ci ildə bu əraziləri işğal edərkən sıx dağlar arasında qalmış bu şəhər, istilaçıların diqqətini cəlb etməmiş və buna görə də zərər görməmişdir.

Maçu Picçu 2 yüzdən çox pilləkən sistemi ilə bir-birinə bağlı olan daş tikilidən ibarətdir. Antik şəhərin 3 min pilləkəni bu günə qədər hələ də salamat qalıb.

Tikilmə məqsədi və mənası bu günə qədər öz sirrini qoruyub saxlayıb. Günümüzə qədər necə salamat gəlib çıxmasının tutarlı, elmi heç bir açıqlaması hələ də yoxdur. Buna görə də o zamanlardakı adı bilinməyən antik şəhər adını, bu şəhərə yaxın bir dağın zirvəsinin adından alıb. Şəhərin əkinçilik üçün istifadə edilən terraslardan ibarət hissələri, Köhnə Zirvə deyilən dağın ətəklərindədir.

SİA-nın verdiyi məlumata görə, Cənubi Amerikanın ən çox turist çəkən yerlərindən biridir. Hər gün günlük 2 min turistin buraya səfər etdiyi bildirilib. Lakin UNESCO bu antik şəhər qalıqlarının zərər görməməsi üçün turistlərin sayının 800-ə endirilməsini tələb edib.

Aysel Məmmədova