Naxçıvanda 372 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

23 Oktyabr 2019 19:02 (UTC+04:00)

Yanvar-sentyabr aylarında muxtar respublikada bir il öncəyə nisbətən 4,1 faiz çox, yəni 372 milyon 356,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.

Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilib. Bunun 31 min 667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24 min 729 hektarında buğda, 8579 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artıb. Cari ildə taxıl zəmilərindən 102 min 984 ton məhsul tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 5295 ton çoxdur.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u cari ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Bu ilin 9 ayında 200 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 2 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunub.

Bu ilin bəhs olunan dövründə muxtar respublikada diri çəkidə 19105,5 ton ət, 72451,4 ton süd istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 və 1,8 faiz çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 776,6 min manat kreditin verilməsi təmin olunub ki, bu da bir il öncəki göstəricidən 93,7 faiz çoxdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2019-cu ilin bəhs olunan dövründə muxtar respublikadan 86 milyon 127,4 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.

Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının, Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılıb, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi aparılır.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülüb, cari ilin ötən dövründə 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 107 mindən çox ağac və gül kolu əkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılıb.