Haray-şivənçilikləri elə buraya qədərmiş… ANALITIK

23 Oktyabr 2019 16:39 (UTC+04:00)

AXCP-“Milli Şura” cütlüyü adlanan qurumlar və onların “liderlərindən” fərqli olaraq, Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir

Dağıdıcı müxalifətin sosial və s. bazasının tükənməsi reallığı düşərgənin keçirməyə cəhd etdiyi icazəsiz aksiyasında bir daha təsdiqini tapdı. Hətta şəhərin mərkəzndə vətəndaşların sıx olduğu ərazilərdə oynanılan şou-tamaşa radikalların istədikləri nəticəni vermədi. Nə səsləndirdikləri şüarları, nə də “lider” adlandırılan ünsür – Əli Kərmlinin öz ətrafında süni ajiotaj yaratmağa can atması vəziyyəti onların xeyrinə deyil, birlavasitə ziyanlarına işləyən fakta çevrildi. Lakin dağıdıcıların xalqdan dəstək almaması amili əsasən seçkilərə qədər gedib-çıxır və bu da dəfələrlə təsdiqini tapmış reallığın rəkib hissəsidir. Ona görə də, sağlam siyasi mübarizə üsulundan yararlanmağı bacarmayanlar sonda təxribata əl atır, ictimai asayişi pozacaq hərəkətlərə yol verir, yaxud sosial şəbəkələrdə əsassız ittihamlar səsləndirir, bu yolla gündəmdə qalmağa çalışırlar.

Əli Kərimli əslində özü-özünü xalqdan təcrid etmiş lazımsız ünsürdür

Artıq bir neçə gündür ki, qanunsuz aksiyanın AXCP sədri Əli Kərimli və müəyyən xarici dairələr tərəfindən idarə olunduğunu əks etdirən faktlar siyasi müzakirə mövzusudur və demək olar ki, hər gün onlar haqqında növbəti ifşalar meydana çıxır. Bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, hər zaman “xalq”, “millət” bağıran Ə.Kərimli əslində özü-özünü xalqdan təcrid etmiş lazımsız ünsürdür. Daha dəqiq desək, o sadəcə xalqın adından dəm vuraraq, reallıqda dövlətçilik maraqlarına qarşı çıxır.

O cümlədən, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəldiyi oktyabrın 19-da gün kimi aydın olub. Elə həmin gün hüquq-mühafizə orqanları qeyri-qanuni aksiyanın qarşısını aldı və dağıdıcı qruplara şəhərin mərkəzində siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verilmədi.

Xalq gördü ki, marginal radikal qruplar bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər

Həmçinin o da bəllidir ki, bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur. AXCP-“Milli Şura” cütlüyü adlanan qurumlar və onların “liderlərindən” fərqli olaraq, Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir. Bu baxımdan, sağlam düşüncəli insanlarımız, bütövlükdə isə Azərbaycan xalqı milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir.

Xalq gördü ki, marginal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını peşəkar səviyyədə aldı və 28 May metrostansiyası ərazisini, həmçinin onun ətrafını siyasi spekuliyasiya meydanına çevirməsinə imkan vermədi. Artıq Əli Kərimli və yan-yörəsi anlamağa məhkumdur ki, bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipulyasiya etmək mümkün deyil!

Şər-böhtançılıqla, pozğunçuluğun ömrü hətta 40 gün deyil, 4 gün də deyil, elə 4 saat çəkdi

Yeri gəlmişkənş daha bir amili də qeyd edək ki, həm aksiyadan sonra radikallar tərəfindən sosial şəbəkələrdə başladılan böyük kampaniya, polisin ictimai asayişi pozmamaq çağırışlarına məhəl qoymamaq, icazəsiz yürüşü davam etdirmək barədə çağırışlar AXCP sədrinin və “Milli Şura”nın “başbilənlərinin” əsassız mülahizələri bu qanunsuz aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü bir daha təsdiqlədi. Ona görə də hüquq-mühafizə orqanları bu aksiyanın qarşısını zamanında aldı. Bu baxımdan da əminliklə qənaətə gəlmək olar ki, Azərbaycan polisi öz vəzifəsini icra edərkən qanunun tələblərinə əməl edib, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq halı törədilməyib. Bir məqamı da vurğulamaq yerinə düşər ki, dünyanın hər bir ölkəsində qanunsuz aksiyaların qarşısı alınır. Təəssüf ki, dağıdıcı ünsürlər məhz Qərbdə etirazçılara qarşı tətbiq edilən polis qəddarlığını da Azərbaycan polisinin üzərinə atmağa çalışdı – amma alınmadı. Necə deyərlər, şər-böhtançılıqla, pozğunçuluğun ömrü hətta 40 gün deyil, 4 gün də deyil, elə 4 saat çəkdi. Daha dəqiq desək, qarşı tərəfin haray-şivənçilikləri elə buraya qədərmiş…

Rövşən RƏSULOV