Azərbaycan beynəlxalq əlaqələrə önəm verir

23 Oktyabr 2019 16:19 (UTC+04:00)

Bu gün Birləşmiş Millətlər Təşkilatı Günüdür

Bu gün oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı Günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. Təşkilata "Birləşmiş Millətlər" adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə, oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir. Azərbaycan da BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan beynəlxalq əlaqələri möhkəmlətməyə önəm verdi. Təbii ki, dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və s. proseslərdə bu qarşılıqlı əlaqə və münasibətlərə xüsusi olaraq, diqqət ayırdı. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini və həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Bu imkanlardan geniş istifadə edilməsi zəruridir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatına da üzv olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.
Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də, qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin Baş Katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırıb. 2000-ci ilin sentyabrında BMT-nin "Minilliyin Sammiti"ndə çıxış edən Ulu Öndər Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd edərək, regional münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirib. Ümummilli Lider çıxışında bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulayıb.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniştərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir.
Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunmuş, eləcə də, doğma torpaqlarından qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənib.
BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Bunun üçün isə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə, belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, beynəlxalq birlik, o cümlədən, BMT, ATƏT və digər beynəlxalq qurumlar konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar.
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək və etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.
2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə, BMT tarixində ilk dəfə olaraq, ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilib. Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə uğurla xidmət edib. Azərbaycan Respublikası 2016-cı ildə BMT-nin işində fəal iştirak etmiş və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir. 2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən "BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi" adlı sənəd imzalanmışdır.
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.

Nəzakət ƏLƏDDİNQIZI