Yalan ifadə verməkdən imtina edənlər Ermənistanda işdən qovulur

23 Oktyabr 2019 15:33 (UTC+04:00)

Qriqori Ayrapetov Robert Koçaryana qarşı ifadə verməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata isyinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Qriqori Ayrapetovun işdən çıxarılmasının əsas səbəbi 25 sentyabr 2001-ci il tarixində "Araqast" kafesində Poqos Poqosyanın öldürülməsi ilə bağlı cinayət işinin açılması olub. Nəşrin mənbəyinə görə, Ayrapetova bu işlə əlaqədar olaraq, o vaxtkı hadisələri "xatırlamaq" və prezident Robert Koçaryanın Poqosyanı döymək əmrini verməsi barədə ifadə vermək təklifi olunub.
“Past” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazır ki, Ayrapetov bu cür ifadələr verməkdən imtina edib və təklif olunanı rədd edərək, bunun həqiqətə uyğun olmadığını bəyan edib. Mənbənin məlumatına görə bunu təklif edən şəxs yeni hakimiyyətin onunla yaxşı rəftar etməsi, təbliğ edilməsi və general rütbəsi verməsi ilə onu dilə tutmağa çalışsa da, ancaq Ayrapetov, bu cür yalan ifadələri verməkdən imtina edərək, siyasi qarşıdurmalara onu qarışdırmamağı xahiş edib. Məlumatda o da qeyd olunur ki, düşünmək üçün ona vaxt verilsə də, bir müddətdən sonra xəbərdarlıq belə etmədən işdən çıxarılması barədə əmr imzalanıb.
Göründüyü kimi, yalan ifadə verməkdən imtina edən məmur Ermənistanda işdən qovulur və onun özü də hədəfə çevrilir. Hazırda Paşinyan hakimiyyətinin siyasi taktikası ona tabe olmayanlardan yaxa qurtarmaq və ümumiyyətlə onları hakimiyyətdən, postdan uzaqlaşdırmaqdır.