Vəzifəyə gəldiyi andan Qriqoryan heç bir iclasda iştirak etməyib

23 Oktyabr 2019 13:46 (UTC+04:00)

Vahe Qriqoryan Konstitusiya Məhkəməsinin iclaslarında iştirak etməməyə davam etsə də, 793 min 680 dram maaş alır, rəsmi avtomobil və yanacaq talonundan istifadə edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi aysor.am saytına məlumat verib.

Məlumatda qeyd olunur ki, Konstitusiya Məhkəməsinin hakimi Vaqe Qriqoryan vəzifəyə başladığı gündən bu günə qədər heç bir iclasda iştirak etməyib.

Konstitusiya Məhkəməsinin sözügedən sayta verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi hakimlərinin maaşları ilə əlaqədar hüquqi münasibətlər "Dövlət və dövlət qulluğu vəzifələrini tutan şəxslərin maaşları haqqında" qanunla tənzimlənir. Qeyd olunur ki, buna görə də Vaqe Qriqoryanın hər ay üçün hesablanmış maaşının miqdarı, əsas əmək haqqı və hakim kimi iş stajı üçün təyin olunan əlavə ödənişlə birlikdə 793 min 680 dramdır.

Saytın yazdığına görə, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə gəldiyi andan Vaqe Qriqoryan heç bir iclasda iştirak etməyib, heç bir halda hakim-məruzəçi olmayıb. Onun üzürlü bir səbəbi olduğuna dair heç bir sübut da yoxdur.

Vage Qriqoryan, vəzifəyə başladığı gündən etibarən rəsmi avtomobil (Hyundai Elantra) ilə təmin edilib, bir müddət sonra təmirə ehtiyacı olduğu üçün başqa bir avtomobil ilə əvəz olunub və hər ay avtomobil üçün ona 240 litrlik benzin kuponu verilib.

Xatırladaq ki, 18 iyun 2019-cu ildə Vaqe Qriqoryan, 99 leyhinə, 22 əleyhinə səs nisbəti ilə Ermənistan Parlamenti tərəfindən Konstitusiya Məhkəməsinin hakimi seçilib. Milli Məclisin qaydalarına əsasən, Vaqe Qriqoryan iyulun 20-də and içib və eyni zamanda özünü Konstitusiya Məhkəməsinin sədri elan edib.