ADAU-nun gənc müəllimi Çində keçirilən mötəbər tədbirə dəvət alıb

22 Oktyabr 2019 18:26 (UTC+04:00)

Bu il noyabrın 5-dən 14-dək Çin Xalq Respublikasının Şenzen şəhərində “UNLEASH innovasiya lab.5” adlı tədbir keçiriləcək. Hər il dünyanın bir ölkəsində təşkil olunan bu tədbir Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə çatmasına kömək etmək üçün təkliflərin verilməsi, həll yollarının hazırlanması hədəflərinə xidmət edir və gənc istedadları bir araya gətirir. SİA xəbər verir ki, müxtəlif ölkələrdən seçilmiş, 20-35 yaş arası istedadlı gənclərin fikir mübadiləsi aparacağı tədbirə Azərbaycandan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev dəvət alıb.

O, universitetdə ən perspektivli gənclərdən biri olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin iştirakçısıdır və iki dəfə ABŞ-ın İllinoys Universitetində tədqiqat aparıb. Öz sahəsinin yüksək səviyyəli mütəxəssislərindən olan S.Quliyev universitetin Bitki klinikasına da müvəffəqiyyətlə rəhbərlik edir.

Ə.Şükürov