Övladlığa uşaq götürməklə bağlı YENİ QAYDALAR

22 Oktyabr 2019 14:07 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə dəyişiklik müzakirə edilib. SİA-nın xəbərinə görə, dəyişikliyə əsasən, övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək. Belə ki, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək.

Digər dəyişikliyə əsasən, 25 yaşdan aşağı şəxslərin övladlığa uşaq götürməsinə icazə verilməyəcək. Belə ki, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olması təklif edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.