"Azərbaycan dünyada islahatlar aparan ölkələr arasında 20-ci yeri tutub" MÖVQE

22 Oktyabr 2019 12:46 (UTC+04:00)

"Bilirisiniz ki, artıq ölkənin iqtisadi nüfuzu getdikcə daha da artır. Bunu beynəlxalq reytinqləri müəyyənləşdirən agentliklər də yüksək qiymətləndirir". Bunu SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, “Azərbaycan dünyada islahatlar aparan ölkələr arasında 20-ci yeri, biznes mühitinə görə isə 25-ci yeri tutub. Bütün bunlarla yanaşı ölkədə aparılan iqtisadi islahatlar, nailiyyətlər birbaşa Azərbaycan vətəndaşlarının sosial probleminin həllinə yönəldilib”.

Getdikcə sosial sahədə aparılan islahatların daha da dərinləşdiyini deyən A.Hüseynov 2019-cu ilin əvvəlindən böyük bir sosial paketin cənab Prezidentimiz tərəfindən icrasının şahidi olduğumuzu qeyd edib.

Deputat minimum əmək haqqının 2 dəfə, pensiyaların minimum həddinin təxminən 2 dəfə artırıldığını, eləcə də bu tədbirlərin sistemli şəkildə davam etdirildiyini bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri getdikcə artır: “Ümumdaxili məhsulumuz 3,2 faiz artıb. Digər tərəfdən artıq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı ilkin rəqəmlər məlum olub. Gələn il də sosial xərclərə 2,6 milyard əlavə vəsait proqnozlaşdırılıb. Sosial tədbirlər daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentimiz bunu dəfələrlə vurğulayıb”.

A.Hüseynov keçirilən sonuncu iqtisadi müşavirdən bəhs edərkən: “Bu yaxınlarda Prezidentimizin yanında iqtisadi müşavirədə də əmək haqqlarının artırılması, sosial tədbirlərin həyata keçirilməsi fikirləri öz əksini tapıb. Bu kimi tədbirlərin növbəti ildə də davam edəcəyi diqqətə çatdırılıb. Bu isə dövlətin iqtisadi nüfuzunun göstəricisi, iqtisadi potensialımızın artması deməkdir. Cənab Prezidentin də vurğuladığı kimi ölkədə aparılan bütövlükdə siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının maraqlarının ifadə olunması, əhalinin sosial rifah halının yüksəldilməsidir”, deyib.

Aysel Məmmədova