Yeni Baş nazir hökumətin tərkibini Prezidentə təqdim edib

22 Oktyabr 2019 00:24 (UTC+04:00)

Portuqaliyanın yeni təyin edilmiş Baş Naziri, Sosialist Partiyasının lideri Antoniu Koşta bu gün yeni çağırış 22-ci Konstitusiya hökumətinin tərkibini ölkə Prezidenti Marselu Rebelu di Souzaya təqdim edib. SİA xəbər verir ki, hökumətə 50 dövlət katibi daxil olub. Onların 18-i qadındır. A.Koştanın yeni hökumətində 22 yeni ad var.

Antoniu Koştanın başçılıq etdiyi ikinci hökumətdə 19 nazir, habelə Baş Nazir olmalıdır ki, bu da onu ölkədə demokratiyanın bərqərar olduğu 1974-cü il inqilabından sonra mövcud olmuş 21 hökumət arasında ən iri hökumətə çevirir.

Yeni hökumətdə Portuqaliya hökumətinin bütün tarixi ərzində rekord sayda qadın nazir təmsil olunacaq. Dövlət Xarici İşlər naziri vəzifəsinə Auqusto Santos Silva, Dövlət Maliyyə naziri vəzifəsinə Mario Senteno, Müdafiə naziri vəzifəsinə Joao Qomeş Kravinyu, Daxili İşlər naziri vəzifəsinə Eduardu Kabrita, Mədəniyyət naziri vəzifəsinə Qrasa Fonseka, Təhsil naziri vəzifəsinə Tyaqo Brandao Rodriges, Səhiyyə naziri vəzifəsinə Marta Temido təqdim ediliblər.

Oktyabrın 6-da Portuqaliya Respublikasında parlament seçkiləri keçirilib. Seçkilərdə Baş Nazir Antoniu Koştanın Sosialist Partiyası qalib gəlib. Seçicilərin səslərinin 36,34 faizini toplayan partiya parlamentdə 108 deputat kürsüsünə sahib olub.