Paşinyan Tovmasyanın torbasını tikir

21 Oktyabr 2019 17:46 (UTC+04:00)

Qrayr Tovmasyandan hər hansı bir şəkildə qurtulmaq üçün açıq şəkildə kəskin əmr verilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, Ermənistan hakimiyyətinin Konstitusiya Məhkəməsi sədrini və ümumiyyətlə, Konstitusiya Məhkəməsinin hazırkı tərkibini uzaqlaşdırılması və Nikol Paşinyana tabe olan konstitusiya məhkəməsi yaratmaq istəyi gündən-günə getdikcə daha çox fantastik çalarlara özünü göstərməyə başlayıb.

Nəşrin bildirdiyinə görə, bütün strukturlar Tovmasyanın dam örtüyündən tutmuş bütün maliyyə gəlirlərinə, əmlakına qədər hər nə varsa yoxlamağa başlayıb. Nəşrin yazdığında bildirilir ki, təkcə Tovmasyanın deyil, bütün Konstitusiya Məhkəməsinin əksəriyyət üzvlərinin, ələlxüsus Paşinyana tabe olmayanların da malı-mülkü yoxlanılır.

Qəzetdə xüsusilə vurğulanır ki, Qrayr Tovmasyan və digər müstəqil hakimlərdən hər hansı bir şəkildə qurtulmaq üçün açıq şəkildə bir əmr verildiyi və seçilmiş yol tam şəkildə aydındır. Qeyd olunur ki, qohumlara və yaxınlara təzyiq göstərərək onu istefa verməyə məcbur etmələri üçün çalışılır və buna da müvəffəq olmayacaqları təqdirdə cinayət işinin açılacağı bəlli olur. Bir sözlə, Paşinyan artıq Tovmasyanın torbasını tikir.