Avropa İttifaqı real vəziyyətə uyğun bəyənat verməlidir ÖZƏL- MÜNASİBƏT

21 Oktyabr 2019 16:38 (UTC+04:00)

Mən hesab edirəm ki, birinci Avropa özünün daxilindəki vəziyyətə nəzarət eləməlidir və ondan sonra Azərbaycan haqqında düşünər. Bu sözləri SİA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycanda keçirilən qanunsuz aksiyada onlarla insanın saxlandığı barədə yalan və həqiqətə uyğun olmayan bəyanatına münasibət bildirərkən, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktorunun sözlərinə görə, Avropa İttifaqının rəsmi təmsilçiləri görürlər ki, Azərbaycan nə qədər mürəkkəb bir regionda yerləşir.

“Avropa İttifaqının, Avropa İttifaqı təmsilçilərinin əminliyi varmı ki, meydana çıxanlar demokratiyadan ötrü çıxıblar? Onların əminliyi varmı ki, Azərbaycanda xalq hərəkatı, yaxud ixtişaş sürətlənsə, artsa, ondan başqa dövlətlər, məsələn bizim qonşuluğumuzda olan dövlətlər necə istifadə edəcək? Yəni bunları bilirmi Avropa İttifaqı? Ona görə də, mən elə başa düşürəm ki, hər yerindən duran məlumat verən kimi götürüb reaksiya versinlər yox, belə olmaz. Mən elə başa düşürəm oradakı diplomatlardan bəziləri uzun müddətdir burdadır və real vəziyyəti də bilirlər. Özləri real vəziyyətə uyğun bəyənat verməlidirlər. Ən azı müxalifət tərəfə də müraciət etməlidirlər ki, sabitliyi pozmaq istiqamətində hərəkət etməyin və qanunçuluğa da riayət edin. Onlara deyilməli idi ki, mitinq istəyirdizsə, hökumət mitinqə yer ayırıb”, deyə Mübariz Əhmədoğlu bildirib.