Beynəlxalq qurumlar yenə də öz gözlərində tiri görmür, Azərbaycanın gözündə çöp axtarırlar ÖZƏL - MÜNASİBƏT

21 Oktyabr 2019 15:08 (UTC+04:00)

Avropadakı qurumlar, beynəlxalq təşkilatlar bizi təəccübləndirməkdə davam edir. Bunu SİA-ya açıqlamasında politoloq Azər Həsrət Avropa İttifaqının Azərbaycanda keçirilən qanunsuz aksiyada onlarla insanın saxlandığı barədə yalan və həqiqətə uyğun olmayan bəyanatına münasibət bildirərkən deyib.

Politoloq deyib ki, qanunsuz aksiya zamanı saxlanılanlar olmuşdu, amma onların əksəriyyətinə xəbərdarlıq edilərək buraxıldılar və özü də dərhal buraxıldılar ki, onların uzun müddət saxlanmasından söhbət belə gedə bilməz.

“Digər bir tərəfdən də belə bir reaksiyanın verilməsi həqiqətən də o qurumun özünün ciddiliyini şübhə altına alır. Çünki, bunlar gözlərinin önündə Barselonada, Kataloniyada baş verənlərin fonunda Bakıdakı hadisələri ümumiyyətlə görməməli idilər. Bakıda elə bir hadisə baş verməmişdi ki, o beynəlxalq ictimaiyyətin diqqətini çəksin. Sadəcə bir qrup şəxs Əli Kərimlinin başçılığı altında qanunsuz aksiya keçirməyə cəhd eləmişdi ki, Azərbaycan polisi də çox nəzakətli və təmkinli bir şəkildə bunun qarşısını almışdı və təbii ki, dirəniş göstərənləri də müvəqqəti olaraq, qısa müddətli saxlamışdılar və sonra da onları buraxmışdılar. Yəni burda hansısa dəhşətli hadisədən, qanun pozuntusundan söhbət belə gedə bilməz. Amma təəssüflər olsun ki, beynəlxalq qurumlar bir qayda olaraq yenə də öz gözlərində tiri görmür, Azərbaycanın gözündə çöp axtarırlar. Yəni bu bunların şakəridir. Təbii ki, onların məqsədi heç də orada guya saxlanılmış, guya zorakılığa məruz qalmış aksiyaçının hüquqlarının müdafiəsi deyil. Onların məqsədi sadəcə Azərbaycanı gözükölgəli görməkdir və təbii ki, bu cür bəyanatlar və bu cür yanaşmalar da ondan qaynaqlanır. Amma bütün bunlar Azərbaycanı bir dövlət olaraq öz haqlı mövqeyindən geri çəkən deyil”, - deyə Azər Həsrət bildirib.