Milli Arxiv İdarəsi seminar-məşğələləri davam etdirir

21 Oktyabr 2019 13:11 (UTC+04:00)

Milli Arxiv İdarəsi bu il də Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, növbəti seminar Dövlət Səs Yazıları Arxivində keçirilib. Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Camaləddin Cavadov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılıb.

Seminar zamanı cari məsələlər barədə geniş müzakirələr keçirilib, idarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodik vəsaitlər arxivçilərə təqdim olunub.

Qeyd edək ki, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.