Əli Kərimli yalan vədi və samovarını satan cəbhəçi FOTOKAT

19 Oktyabr 2019 10:47 (UTC+04:00)

AXCP sədri Əli Kərimlinin yalnız öz mənfəəti üçün fəaliyyət göstərməsi kimsəyə sirr deyil. Onun partiyanı zəbt və liderinə xəyanət etdiyi gündən tərəfdarlarından şəxsi dividentləri üçün sui-istifadə etməsi barədə də kifayət qədər faktlar və dəlillər var. Verdiyi yalan vədləri sayəsində “tərəfdar” qazandığını iddia edən Ə.Kərimlinin sonradan həmin tərəfdarlarını yarı yolda qoyub, həbs etdirməsi, gəncləri aldadaraq, onların həyatlarını sözün əsl mənasında zəhərləməsi, təhsillərindən, sosial həyatlarından məhrum etməsi də məlum olan faktlar sırasındadır.

Xarici ölkələrdən ayrı-ayrı bank hesablarına kifayət qədər maddi vəsaitlər axan AXCP sədrinin ətrafında olan sıravi şəxslər isə, günlərini-günlərinə calayaraq, onun üçün gördükləri işlərinə görə bir qəpik də məvacib almırlar. Halbuki, AXCP sədrinin özü və ailəsi kifayət qədər cah-cəlallı həyat yaşayır, övladı isə bu gün də xarici ölkələrdə kef məclisləri təşkil edib, atasının xarici təşkilatlardan aldığı və ona göndərdiyi pullar hesabına yaşayır. Ə.Kərimli isə xarici təşkilatlardan əldə etdiyi gəlirlərin miqdarını daha da artırmaq üçün icazəsiz aksiyalar keçirib, xalqı itaətsizliyə çağırır. Söz yox ki, bütün bunlara görə o və ətrafı əlahəzrət qanun qarşısında cavab verməli olacaqlar.

SİA xəbər verir ki, bu arada, yəni şəhərin mərkəzində icazəsiz aksiya keçirmək cəhdi öncəsi Əli Kərimlinin yaxın ətrafından olan cəbhəçi Ruzbəy Ağzadə sosial şəbəkə vasitəsi ilə ona yazıb ki, evindəki samovarını satıb, rayondan Bakıya gəlmək üzrədir. Həmin statusu paylaşan Əli Kərimli əslində özü də bilmədən özünü ifşa etmiş olub. Çünki belə bir sual yaranır - əgər onun rayonda yaşayan tərəfdarının pulu, maddi imkanı yoxdursa və AXCP-də fəaliyyət göstərirsə, demək ki, Əli Kərimli həmin şəxsin məvacibini, ən azından sosial həyatının normal qaydada təminatını qura bilmir. Nəticədə, AXCP sədrinin növbəti yalan vədinə uyan Ruzbəy Ağazadə evindəki samovarını sataraq, icazəsiz aksiyaya qatılacağını yazır. Əslində, tərəfdarının evindəki şəxsi əşyasını satıb, Bakıya gəlməsindən utanmalı, vicdan əzabı çəkməli olan Əli Kərimli əksinə, həyasızcasına AXCP üzvünün həmin əməlini özünə olan pərəstişlə əlaqələndirməyə cəhd edir. Hər halda, həmin adam öncədən Əli Kərimliyə paytaxta gəlməyə imkanının olmadığını yaza, ondan maliyyə istəyə bilərdi. Çox yəqin ki, həmin şəxs istər Əli Kərimlidən, istərsə də AXCP-nin, ya da “Milli Şura”nın digər funksionerlərindən pul istəyib və rədd cavabı alıb. Ona görə də evindəki əşyasını sataraq Bakıya gələcəyini yazıb. Necə deyərlər, kor-kor, gör-gör...

Rövşən RƏSULOV