"Ölkənin müstəqilliyi ilk olaraq onun iqtisadi müstəqilliyi deməkdir" ÖZƏL-MÜNASİBƏT

17 Oktyabr 2019 15:55 (UTC+04:00)

"Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi həqiqətən real və məzmunlu dövlət müstəqilliyi atributlarını kəsb edir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, ölkənin suverenliyi, müstəqilliyi, ölkənin müstəqil daxili və xarici siyasəti, ölkənin dünya dövlətləri birliyində özünəməxsus yer tutması, özünəməxsus inkişaf modeli formalaşdırması və s. Azərbaycanın müstəqilliyini reallaşdıran və real göstərən məqamlardır: "1991-ci ildə ölkənin müstəqilliyinin elan olunması tamamilə formal və deklorativ formal daşıdı. Bu proses 2 ilə qədər davam etdi. Əslində 1991-93-cü illərdə Azərbaycanın Dövlət Müstəqilliyinin yalnız deklorativ tərəfləri ilə bağlı müəyyən addımlar atıldı, müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu, formal olaraq ölkənin müəyyən dövlət strukturlarının yaradılması haqqında qərarlar verildi, müəyyən idarəçilik sistemləri, strukturları yaradıldı. Amma ölkənin real və məzmunlu müstəqilliyi çox təəssüf ki, formalaşdırıla bilmədi. Ölkənin müstəqilliyi ilk olaraq onun iqtisadi müstəqilliyi deməkdir. Çünki elan olunmuş siyasi müstəqilliyin arxasında güclü iqtisadiyyat, böyük valyuta ehtiyatları dayanmırsa, bu müstəqilliyi qoruyub saxlamaq olmaz. Elan olunmuş siyasi müstəqillik dövlətin müstəqil və kənardan idarə olunmayan xarici siyasətinin aparılması ilə müşayət olumursa, belə müstəqilliyin əhəmiyyəti yoxdur. Dövlətin güclü silahlı qüvvələri yoxdursa, bu elan olunmuş siyasi müstəqilliyin də əhəmiyyəti yoxdur. Ona görə cəsarətlə demək olar ki, Azərbaycanın elan olunmuş deklorativ siyasi müstəqilliyi 1993-cü ildən başlayaraq real iqtisadi, siyasi, sosial və hərbi məzmun kəsb etməyə başladı. Bu gün Azərbaycanın həqiqətən müstəqil, suveren dövlət olması bir faktdır və digər dövlətlər də bununla hesablaşır".