Bakıda Dağıstanın Xalq şairi Stalskinin 150 illiyi qeyd olunub

16 Oktyabr 2019 05:50 (UTC+04:00)

Oktyabrın 15-də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dağıstan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Stalskinin 150 illik yubileyi qeyd olunub.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, tədbirdə 1957-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və Süleyman Stalskinin xatirəsinə həsr olunmuş filmdən fraqmentlər göstərilib.

Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək S.Stalskinin yaradıcılığından danışıb. Bildirib ki, Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş Stalski çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olub. O, şeirlərini həm ləzgi, həm də Azərbaycan dillərində yazıb. Diqqətə çatdırıb ki, rus yazıçısı Maksim Qorki onu XX əsrin Homeri adlandırırdı.

Qeyd olunub ki, Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri nəinki MDB məkanında, eyni zamanda, dünyanın yüzdən çox ölkəsinin dilinə tərcümə olunub.

Rusiya Federasiyasının Dağıstan Respublikasının ölkəmizdəki müşaviri Ludmila Kaziyeva çıxışında bildirib ki, Süleyman Stalskinin yaradıcılığı Dağıstanın mədəni həyatında mühüm yer tutur. Buna görə də Dərbənd, Mahaçqala və digər şəhərlərdə şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Onun poeziyası insan təbiətinin mahiyyətini açmağa imkan verir.

Vurğulanıb ki, S.Stalski təhsildən kənar, dünya ədiblərinin yaradıcılığından uzaq qalsa da, öz dilində sözləri cilalamağı bacarırdı. Buna görə də şeirlərində xalqının güzəranını, mədəniyyətini, dövrünü tam əks etdirə bilmişdi.

Süleyman Stalskinin acı taleyindən danışan ləzgi şairi Sədaqət Kərimova qeyd edib ki, şair hələ körpə olarkən valideynləri tərəfindən atılıb və yeddi il qonşunun evində yaşayıb. Sonradan Bakıda, Gəncədə və Səmərqənddə fəhlə kimi çalışıb. Yalnız 30 yaşından sonra doğma kəndinə qayıdaraq şair kimi tanınmağa başlayıb.

“Samur Ləzgi Milli Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri İmran Rzayev ləzgi xalqına göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində S.Stalskinin şeirləri oxunub, mahnılar ifa edilib.