Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında

15 Oktyabr 2019 12:52 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın Mədəniyyət və idman naziri Aktotı Raimkulova və təhsil naziri Asxat Aymaqambetovun başçılıq etdikləri nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olublar.

SİA-nın məlumatına görə, qonaqları qəbul edən akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən uğurlu siyasətdən, xüsusilə də xoreoqrafiya təhsili sahəsində nailiyyətlərdən, o cümlədən akademiyanın beynəlxalq əlaqələrindən bəhs edib.

Hər iki ölkənin Xoreoqrafiya akademiyaları arasında olan əməkdaşlıqdan danışan rektor bağlanmış sazişə əsasən müəllim və tələbə mübadiləsi, elmi-pedaqoji kadrların və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və layihələrin həyata keçirilməsi məsələlərini qonaqlarla müzakirə edib. Qonaqlar da öz növbəsində xoreoqrafiya sənəti və təhsili sahəsində Bakı Xoreoqrafiya Akademiyasının timsalında Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacib olduğunu və əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.

Sonra qonaqlar akademiya ilə tanış olub, təhsil ocağının klassik və milli rəqs müəllimlərinin dərslərini izləyiblər.