Mərakeş qəzeti Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə Görüşü barədə yazır

14 Oktyabr 2019 22:03 (UTC+04:00)

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun Bakının Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı keçirdiyi mətbuat konfransından yazıb. Bildirilib ki, təşkilatın rolu, iqtisadi və siyasi nüfuzu və imkanları, dünya siyasətinə təsiri nəzərə alınaraq bu hadisə böyük əhəmiyyət kəsb edir. Zirvə Görüşü Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi tədbirlərdən biridir.

Məqalədə qeyd olunur ki, səfirlikdə keçirilmiş mətbuat brifinqi zamanı Azərbaycan Respublikasının səfiri Oktay Qurbanov Qoşulmama Hərəkatının dünyada öz əhəmiyyətini itirmədiyini və silahlı münaqişələr, təcavüzkar siyasət, habelə separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi qlobal problemlər və çağırışların həlli baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qəzetin baş redaktoru Əhməd Mitçunun müəllifliyi ilə dərc olunan yazıda Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrə toxunularaq, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunmasının vacibliyi vurğulanır.

Yazıda Qoşulmama Hərəkatına üzvlüyünün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verdiyi qeyd olunur.

Eyni zamanda, məqalədə Qoşulmama Hərəkatı çərçivəsində keçirilmiş bütün toplantıların yekun sənədlərində bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında nizamlanmasının vacibliyi birmənalı və aydın şəkildə ifadə edildiyi vurğulanır.

Qeyd olunur ki, səfir Bakı Zirvə Görüşü zamanı Qoşulmama Hərəkatının beynəlxalq hüququn prinsiplərinə sadiqliyi bir daha nümayiş etdirəcəyinə əminliyini vurğulayıb. Məqalənin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı çıxışından sitat gətirilir: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.