"Paşinyanın tezisi ATƏT MQ-nin 25 illik fəaliyyətinə ziddir" Mübariz Əhmədoğlu

12 Oktyabr 2019 12:46 (UTC+04:00)

"Ermənistanın Baş naziri Paşinyanın “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə variantı Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır” tezisi digər prizmalardan da diqqəti çəkir. Bu tezis ilk növbədə ATƏT MQ-nin 25 illik fəaliyyətinə ziddir və ATƏT MQ-ni tənzimlənmədən qovur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Paşinyanın bu tezisi hətta BMT Baş Assambleyasının tribunasından desə də təklifinin hansı mexanizm üzrə razılaşdırılacağını açıqlamır: "Bəlkə də belə mexanizm barədə düşünməyib. Çünki qeyri-ciddi və aşağı intellektlidir. Belə halda ən universal mexanizm referendumdur - Dağlıq Qarabağ münaqişəsi regionunda yaşayan ermənilər və azərbaycanlılar arasında referendum. Vaxtaşırı Azərbaycanda referendumla bağlı buna bənzər fikirlər səsləndirilib; Dağlıq Qarabağın statusu ilə bağlı referendum Aran və Dağlıq Qarabağda birlikdə keçirilsin, 1 milyon azərbaycanlı və təxminən 150 min erməni bu referendumun iştirakçıları olsun. Azərbaycanda bu ideyaya o qədər də ciddi yanaşan olmadı, çünki bilirdilər ki, erməni tərəfi buna razılıq verməyəcək. İndi fərqli vəziyyətdir: Təklifi N.Paşinyan irəli sürüb və geri çəkilmir"

Politoloq söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda rəsmi məlumatlara görə 10 milyon nəfər azərbaycanlı və təxminən 3 milyon nəfər erməni yaşayır: "Beləliklə, N.Paşinyan regionda faktiki yaşayan 7, 8 milyon nəfər azərbaycanlıdan tutaq ki, 4 milyon azərbaycanlı seçici və təxminən 2 milyon nəfər ermənidən tutaq ki, 1,4 milyon seçicinın iştirakı ilə referendum keçirilməsini təklif edir. Bu 2 milyon nəfər ermənidən 120 mini Dağlıq Qarabağda, qalanı isə Ermənistanda yaşayan ermənilərdir. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimal ki, erməni xalqını da qane edər. Erməni xalqı da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasından bezib. Əgər Dağlıq Qarabağ münaqişəsi vaxtilə həll olunsaydı, hər halda Ermənistanın başında Paşinyan kimi intellektsiz, qisasçı şəxs oturmazdı".