Nəsiminin "Sığmazam" rədifli qəzəlinə nəzirə
Uzun mənəm, qısa mənəm, İsa mənəm, Musa mənəm,
Məscidi-kəlisa mənəm, çərxi-fələyə sığmazam.
Munis qəlbdə yadda mənəm, adda mənəm-budda mənəm,
Hinddə, Çində Budda mənəm, sonsuz pilləyə sığmazam.
Hörmüz mənəm, Əhrimən mən, Tomris mənəm, həm Kirəm mən,
Malik-Əjdər, həm şirəm mən, cəbrü-çilləyə sığmazam.
"Avesta" - Zərdüşt bəhərim, "Zəng" özü xeyirlə şərim,
O qədər çox ki, zərəfim, qəsrü-qülləyə sığmazam.
Ələk mənəm, dilək mənəm, çiçək mənəm, pətək mənəm,
Kələk mənəm, külək mənəm, küyə-kələyə sığmazam.
Zəmi mənəm, gəmi mənəm, daxıl mənəm, paxıl mənəm,
Ağıl mənəm, nağıl mənəm, yüz əfsanəyə sığmazam.
Qaçaq mənəm, qoçaq mənəm, sağlam mənəm, naçaq mənəm,
Zirvə mənəm, alçaq mənəm, məkrü-tələyə sığmazam.
Qönçə-çiçək mənəm mən uş, zərif ləçək mənəm mən uş,
Qılman-mələk mənəm mən uş, gerçək tənəyə sığmazam.
Çənlibeləm, çənim çoxdu, laməkanam tənim çoxdu,
Düşmən qəvi, qənim çoxdu, arxa-köməyə sığmazam.
Aran mənəm, elat mənəm, Dürat mənəm, Qırat mənəm,
Bir ölümsüz həyat mənəm, dəlmə-deşiyə sığmazam.
Bəyazidəm, bəyaz kimi, qələm iti dəryaz kimi,
Nəzirim bol niyaz kimi, xonça-mərəyə sığmazam.
Məlul Baleh, xəzəl mənim, şeir mənim, qəzəl mənim,
Qismətimdə yüz əl mənim, tənə-gileyə sığmazam.
VALEH MƏHƏRRƏMLİ