Rusiyadan Ermənistana ilk siqnal və xəbərdarlıq

10 Oktyabr 2019 15:01 (UTC+04:00)

Keçən ilin baharından bəri Ermənistanın yeni hakimiyyəti tarazlığı pozub. SİA Ermənistana məxsus mətbuat səhifələrinə istinadən xəbər verir ki, bu sözləri 168 “Jam” qəzetinə verdiyi müsahibədə, xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsindəki rusiyalı ekspert Qriqori Trofimçuk, Rusiyanın Valday beynəlxalq müzakirə klubunun illik toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidinə toxunarkən deyib.
"Rusiya nəhayət ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları ilə əlaqədar ilk siqnalını verdi", deyə ekspert bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Soçidəki Valday beynəlxalq müzakirə klubunun iclasında Rusiya Xarici İşlər Naziri demişdi ki, erməni baş nazir Qarabağın Ermənistan olması ilə bağlı ifadələr də daxil olmaqla olduqca sərt fikir söyləyir. O, hətta ehyam da vururdu ki, bu, əlbəttə, siyasi prosesin yenidən başlanmasına şərait yaratmağa kömək etmir.
Qriqori Trofimçukun sözlərinə görə, Rusiya tərəfinin Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bu cür bəyanatlar münaqişə zonasında gərginliyə səbəb olmur. Onun fikrincə, bu, Nikol Paşinyan üçün Qarabağ münaqişəsinin həlli üçün uzunmüddətli danışıqlar prosesini pozmağın yolverilməz olduğu barədə növbəti xəbərdarlıqdır.
Ekspert, digər tərəfdən də Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi fonunda, Ermənistanın baş nazirinin Qarabağla bağlı “inqilabi” açıqlamalarını qısqanclığın təzahürü hesab edir.
Onun sözlərinə görə, başqa bir şey gözləmək də qəribə olardı və Paşinyanın rəhbərliyi altında anlaşılmaz Ermənistanın fonunda Azərbaycanın KTMT-yə belə qoşulmadan Rusiyanın strateji tərəfdaşına çevrilməsi normal bir təzahürdür. Ekspert onu da vurğulayıb ki, bu vəziyyətdə Rusiya tərəfi burada heç bir tarazlığı pozmur və keçən ilin yazından bəri Ermənistanın yeni hakimiyyəti tarazlığı özü pozur, üstəlik pozuntuları bununla da bitmir.