Prezidentin müraciətinə özəl sektorundan dərhal cavab gəldi

10 Oktyabr 2019 14:20 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib. SİA-nın məlumatına görə, “Kristal Abşeron MTK” Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında özəl sektora, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə ünvanlanan çağırışından irəli gələrək məcburi köçkünlər üçün yeni binanın inşasını öz üzərinə götürüb.

Yeni layihəyə, həmçinin “Kontakt Home” mağazalar şəbəkəsi və “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil “Kristal Abşeron MTK”, 10 mənzil “Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib.

Qeyd edək ki, hazırda dövlət tərəfindən həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələlərinin yeni mənzillərlə təmin edilməsi” layihəsi üzrə məcburi köçkünlər üçün yeni binalar, yaşayış kompleksləri inşa olunmaqdadır. Bu günədək məcburi köçkünlər üçün 100-dən çox qəsəbə salınıb.

Xatırladaq ki, 2018-ci ildə istifədəyə verilən “Qobu Park-1” və ötən gün istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan “Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.