"Azərbaycan və Rusiya arasında münasibətlərin dərin kökləri var" Əli Həsənov

10 Oktyabr 2019 13:11 (UTC+04:00)

“Azərbaycan-Rusiya münasibətləri ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. İki ölkə arasında münasibətlərin dərin kökləri var və onların əsasında qarşılıqlı anlayış və hörmət dayanır. 100 ildən artıqdır ki, xalqlarımız arasında xoş münasibətlər davam edir”. SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Rus Kitab Evi”nin Bakıda fəaliyyətinin 10 illiyinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Prezidentin köməkçisi bildirib ki, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Rusiya ilə olan tarixi münasibətlər qorunub saxlanmaqla yanaşı, bu münasibətlər daha keyfiyyətli səviyyəyə qaldırılıb: “Burada təbii ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin əvəzsiz rolu olub”.

Ə.Həsənov söyləyib ki, Azərbaycanla Rusiya arasında əlaqələr siyasi, humanitar, iqtisadi sferaları əhatə edir: “Beynəlxalq tədbirlər forumlar çərçivəsində hər iki liderin bir-birilərinin ölkələrinə səfərlər etməsi, bu münasibətləri daha da inkişaf etdirir.

Post sovet ölkələri arasında Azərbaycanda rus dilinə böyük hörmətlə yanaşıldığını deyən Ə.Həsənov vurğulayıb ki, həm Çar Rusiyası, həm də Sovetlər Birliyi dövründə rus dili dünya elmi üçün bir pəncərə rolunu oynayıb: “Rus dili nəinki Rusiya mədəniyyəti, ədəbiyyatı, eləcə də bütün dünya mədəniyyət və ədəbiyyatını öyrənmək vasitə olub. Yeri gəlmişkən Bakı Dövlət Uuniversitetinin (BDU) 100 il bundan öncə fəaliyyətə başlamasında da rus alimlərinin böyük rolu olub. Onların içərsində Vladimir Razumovskinin misal göstərmək olar. BDU fəaliyyətə başlayanda da orada təhsil ancaq rus dilində olub. Ümummilli lider istedadlı gəncləri biliklərini artırmaq üçün xarici ölkələrə təhsil almağa yönəldirdi. Daha sonra həmin tələbələr təhsillərini inkişaf etdirərək Azərbaycana öz töhfələrini veriblər”.

Prezident köməkçisi qeyd edib ki, Azərbaycanda müstəqillik əldə olunadan sonra da rus dili öz aktuallığını davam etdirib: “Hazırda 300-dən çox təhsil müəssisəsində rus dili tədris olunur. Azərbaycanda əhalinin çoxu rus dilində sərbəst danışmağı bacarır. Bakının xəritəsində Mixail Lermontov, Aleksandr Sergeyeviç Puşkin, Lev Talstoyun adını daşıyan küçələr var. Puşkin mövzusu açılmışkən qeyd edim ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda onun adına küçə açılıb. Azərbaycanda Slavyan Universiteti, Səməd Vurğun adına Rus Dram Teatrı, teatrlarda rus dilli truppalar fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycanda iki böyük ali məktəb - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filalı fəaliyyət göstərir. Rus dilində qəzet və jurnallar, bədii ədəbiyyat nəşr olunur”.

Ə.Həsənov əlavə edib ki, Cənubi Qafqaz ərazisində rusların ən çox yaşadığı yer Azərbaycan olub: “Onlar bizim ölkədə azad, ənənələrinə uyğun, rahat şəkildə yaşayır, dövlətçiliyimizin möhkəmləndirilməsində aktiv rol oynayır, siyasi ictimai platformalarda yer alırlar. Yuxarıda saydığım hallar iki ölkə arasında olan müsbət əlaqələr nəticəsində baş verib. Sonda nitqimi cənab İlham Əliyevin fikirləri ilə yekunlaşdırıram: "Əziz dost və qonşular arasında olan münasibətlər necədirsə, bizim də Rusiya ilə münasibətlərimiz elədir". Hesab edirəm ki, “Rus Kitab Evi”nin Bakıdakı fəaliyyətinin 10 illiyinə həsr olunan tədbir iki ölkə arasında gələcək humanitar əməkdaşlığa töhfə verəcək. Kitab Evinə çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm can sağlığı və fəalyyətlərində yeni-yeni uğurlar arzu edirəm”.