Aida İmanquliyevanın 80 illiyi dərin ehtiramla yad edilib

10 Oktyabr 2019 12:30 (UTC+04:00)

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi bir qrup ictimaiyyət nümayəndələri ilə birlikdə II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illiyi münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzülüb.

Komitədən SİA-ya verilən məlumata görə, komitə sədri Hicran Hüseynova Aida İmanquliyevanı xatirəsini dərin ehtiramla yad edərək, onun zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, Aida xanımın həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, özünəməxsus ideyaya və onu ifadə etmək qabiliyyətinə, elmi düşüncəyə görə malik Azərbaycan qadını yaddaşlarda əbədi yaşayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, çoxşaxəli elmi fəaliyyəti ilə və fundamental tədqiqatları ilə şərqşünaslıq elminə mühüm töhfələr verən Aida İmanquliyeva təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib.

Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı özündən sonra zəngin elmi irs qoyan görkəmli alimin elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olduğunu və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən biri olduğunu diqqətə çatdırıb.