Qarabağ ermənilərindən Paşinyana: “Hamınızı məhv edərik!” SAVAŞ ÖNCƏSİ

9 Oktyabr 2019 16:20 (UTC+04:00)

Ermənilər bir-birləri ilə müharibə astanasında

Dağlıq Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib. SİA xəbər verir ki, onun bu barədə irəli sürdüyü fikirlərini erməni mediası yayıb. Erməni generalı bir daha iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətə Qərbin bəlli siyasi mərkəzləri gətirib. O, həmçinin eyham vurub ki, hazırda da Paşinyanın arxasında dayanan və erməni xalqını uçuruma aparan dairələrdən biri də Soros fondudur. Belə ki, məlum dairələr erməni baş nazirini istədikləri kimi idarə edirlər.

Qarabağlı erməni generalı: “Terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik”

Vitali Balasanyan onu da bildirib ki, Nikol Paşinyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının “Sasna-Srer” terrorçuları tərəfindən ələ keçirilməsindən sonra baş qaldıran etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda “Sasna-Srer” partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Sefilyanla baş nazirin iqamətgahında görüşünü “başqa cür düşünənlərə qarşı təzyiq cəhdi” adlandırıb və onu da iddia edib ki, erməni baş nazir ona qarşı çıxanları güc yolu ilə zərərsizləşdirmək planını da tərtib edib. Balasanyan qondarma Qarabağda fəaliyyət göstərən siyasilərin də Paşinyanın hədəfində olduğunu bildirib: “Nikol Paşinyan hamını, o cümlədən məni terrorizə etməyə çalışır. Demək istəyi ki, budur, baxın, mənim döyüşkən qanadım da var və bir barmağımın işarəsi ilə sizinlə fiziki haqq-hesab çəkərlər. Mən Paşinyana və “Sasna-Srer”ə demək istəyirəm ki, ümumiyyətlə belə söhbətlərə girməsinlər, çünki buna görə cavab verəcəklər. Qorxaqlar Paşinyan və onun tərəfdarlarıdır... 2016-cı ildə biz o terrorçuları bağışladıq, öldürmədik, amma indi bəyan edirəm ki, əgər mənə qarşı, xalqımıza, dövlətimizə qarşı nəsə təxribat həyata keçirməyə, terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik”.

Paşinyanin adamı: “Siyasi karyerasını Serj Sarkisyanla bağlayan Balasanyan siyasi zibillikdə yerini tapacaq”

Maraqlıdır ki, Balasanyan özünün də terrorçu, işğalçı olduğunu unudaraq, Ermənistanın baş nazirinin və ona hərbi-siyasi dəstək verən “Sasna-Srer”in terrorçu elementlər olduğunu bildirib. Nəticədə erməni generalının müsahibəsi sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.

Lakin Qarabağlı erməni generalının cavabı da gecikməyib. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan özünün “Facebook” hesabında yazıb ki, Vitali Balasanyan özünü xuliqan kimi aparır. SİTAT: “Hər dəfə Serj Sarkisyanla Stepanakertdə (Xankəndində-R.R.) qrup halında görüşəndən sonra Vitali Balasanyanda kəskinləşmə başlayır və bu da ağıldan kəmliyin əlamətidir. 2016-cı ildə öz siyasi karyerasını Serj Sarkisyanla bağlayan Balasanyan siyasi zibillikdə yerini tapacaq, necə ki, onun lideri hazırda oradadır”.

Baş verənlərdən həm də belə nəticəyə gəlmək olar ki, artıq Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında kəskin savaş reallığı mövcuddur və bu reallıq isə, həm işğalçı Ermənistanın, həm də qondarma rejimin siyasi, eləcə də fiziki məhvləri ilə nəticəsini tapacaq.

Rövşən Rəsulov