"Əli Kərimli məsuliyyətə cəlb edilməlidir" RƏY-ÖZƏL

9 Oktyabr 2019 14:35 (UTC+04:00)

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və “Milli Şura”nın oktyabrın 8-də keçirdiyi piketin adı Təxribat idi. Bunun başqa adı ola bilməzdi. Çünki, AXCP və “Milli Şura” rəhbərliyinin əsas hədəfi hər vəchlə ölkədəki mövcud sabitliyi pozmaq, xaos yaratmaq, ölkənin imicinə zərbə vurmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirkazım Kazımov deyib.

O bildirib ki, ötən gün keçirilən aksiya çirkin niyyətlərə xidmət edirdi.

Demokratik ölkə olan Azərbaycanda vətəndaşların hüquq və azadlıqları, həmçinin srəbəst toplaşmaq hüququ tanınır, onlara öz fikirlərini sərbəst ifadə etmək üçün hər cür şərait yaradıldığını deyən deputat söyləyib ki, Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir.

M.Kazımov vurğulayıb ki, Azərbaycan Konstitusiyasına görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai asayişi pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər təşkil etmək hüququ var: “Elə oktyabrın 8-də keçirilən aksiya da bunun bariz nümunəsi idi. Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsi, yeri və təhlükəsizliklərinin təmin olunması barədə razılıq vermişdi. Ancaq bu radikal ünsürlər qanunlara riayət etməyərək piketin nəzərdə tutulan ünvanda deyil, qanunvericiliyin tələblərini pozaraq təxribat törətmək məqsədi ilə qəsdən başqa ərazidə keçirməyə üstünlük verdilər. Bu yolla həm kənardakıların diqqətini özlərinə cəlb etmək, həm də hərəkətləri lentə alaraq xaricdəki “ağalarına” ünvanlamaqla, guya Azərbaycanda sərbəst toplaşmaq, söz və fikir azadlığının pozulduğunu göstərməyə növəbti cəhd etdilər”.

Deputat qeyd edib ki, radikal ünsürlər onlar üçün ayrılan ərazidə deyil əhalinin gur olduğu, məktəbin yanında ictimai-asayişi kobud şəkildə pozub, vətəndaşların hərəkətlərinə mane olmaqla müxtəlif şüarlar səsləndirib, ajiotaj yaradaraq qanunun tələblərini kobud surətdə pozublar: “Polisin onları qanunun tələblərinə əməl etməsi təklifinin əksi olaraq, qəsdən dinc aksiya keçirmək qaydalarını pozaraq polisi təxribata çəkirdilər. Bunu yayılan videolarada da açıq şəkildə görmək mümkündür. Bütün bunlar bir daha sübit edir ki, radikal ünsürlərin məqsədi öz etirazlarını sivil formada bildirmək yox, təxribat törətmək və ictimai-asayişi pozmaqdan ibarət olub”.

Millət vəkili əlavə edib ki, ötən gün keçirilən aksiyada diqqəti çəkən əsas məqamlardan biri başda Əli Kərimli olmaqla “Milli Şura” rəhbərliyinin aksiyada iştirak etməməsidir: “Onlar prosesi ancaq kənardan izləməklə kifayətləniblər. Hesab edirəm ki, aksiyanın dinc formada keçirilməsini başda Əli Kərimli olmaqla onun dəstəsi istəməyib. Əgər belə olmasaydı Əli Kərimli tərəfdarlarını bu təxribatçı hərkətlərdən çəkindirməyə cəhd edərdi. Amma bu olmadı. Deməli Əli Kərimli və onu dəstəsinin əsas hədəfi ölkədə ictimai-asayişin pozulması və xaosun yaranmasıdır. Ona görə də oktyabrın 8-də piketin keçirilməsi ilə bağlı tələblərin pozulması və ictimai-asayışın pozulmasına görə Əli Kərimli birbaşa məsuliyyət daşıyır. Əli Kərimli və onun dəstəsinin məqsədi Azərbaycanı yenidən keçən əsrin 90-cı illərinə qaytarmaq, hərc-mərclik yaratmaqdır. Odur ki, onun bu hərəkətinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmalıdır”.