"Qarabağ" "Zirə" ilə oynayacaq

23 Sentyabr 2019 10:21 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək.

SİA-nın məlumatına görə, lider "Qarabağ" "Zirə"nin qonağı olacaq. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmanı FIFA referisi Rauf Cabbarov idarə edəcək.

Meydan sahibləri qalib gələcəkləri təqdirdə, xallarını 10-a çatdıraraq 3-cü pilləyə yüksələcək. "Qarabağ" qələbə qazanacağı təqdirdə isə xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi "Səbail"i 5 xal geridə qoyacaq.

İki komanda indiyədək 16 dəfə qarşılaşıb. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 12 dəfə uduzub və cəmi 4 heç-heçə edib. “Qarabağ” son üç qarşılaşmada qol buraxmayıb. Topların nisbəti isə 6:33-dür.

Azərbaycan Premyer Liqası, V tur

23 sentyabr

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk 3 oyununda "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə yendiyi halda, "Səbail" "Qəbələ" ilə 1:1, "Neftçi" "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib.