Fransa polisi Parisdəki etiraz aksiyalarında 163 nəfəri saxlayıblar

22 Sentyabr 2019 07:30 (UTC+04:00)

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdəki etiraz aksiyalarında 163 nəfəri saxlayıblar.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə polis prefekturası açıqlama yayıb. Buna qədər 106 şəxsin saxlanıldığı deyilirdi.

“163 nəfər saxlanılıb, 395 nəfər isə cərimə olunub”, - hüquq-mühafizə orqanlarının “Twitter”də yayılmış məlumatında belə deyilir.

Qeyd edək ki, şənbə günü ölkənin paytaxtında iki etiraz aksiyası keçirilib. Birinci aksiyanın iştirakçıları – nümayişlər üçün qadağan olunmuş Yelisey meydanına daxil olmaq istəyən “sarı jiletlilər” hərəkatının tərəfdarları idi. İkinci aksiya isə iqlim dəyişikliyi ilə mübarizəyə dəstək marşı olub. Burada təxminən bir neçə min nəfərlik “Qara blok” radikal hərəkatının nümayəndələri iştirak edib. Qeyri-rəsmi məlumata görə, marşda 15,2 min iştirakçı toplaşıb.

Nümyaişçilərin aqressiyasının qarşısını almaq üçün polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.