YAP Laçın rayon təşkilatında görüş keçirilib

20 Sentyabr 2019 18:28 (UTC+04:00)

Bu gün YAP Laçın rayon təşkilatının qərargahında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib. Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək, partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb: "Seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Laçın rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara və qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq".

Rayon təşkilatının sədri, həmçinin, onu da bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: "Azərbaycan gücləndikcə daxildəki "5-ci kolon" və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasına başlayırlar. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək, alətə çevrilirlər".

İ.İlyasov qeyd edib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.

Tədbirdə, həmçinin, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

RƏFİQƏ HÜSEYNOVA