Ziyalılardan “söyüşü dayandırın!" tələbi İTTİHAM

20 Sentyabr 2019 15:14 (UTC+04:00)

"Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Xalq artisti Arif Babayev Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana “yox” deyək” adlı dəyirmi masasına telefon zəngi vasitəsi ilə qatılarkən deyib.

“Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq”, deyən Xalq artisti bildirib ki, biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq: “Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".

Xalq şairi Nəriman Həsənzadə isə bildirib ki, Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüflənir: "Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?".

Xalq yazıçısı Çingiz Abdullayev isə öz növbəsində bildirib ki, internetdən çox istifadə edir və ingilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur: “Bu qayda rus dilində də təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb”.

Xalq yazıçısı təklif edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. “Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”, deyə o qəti şəkildə tələb irəli sürüb.