"Diz ağrısı patoloji dəyişikliklərin yaranmasının ilk əlamətlərindəndir"

20 Sentyabr 2019 13:47 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının travmatoloq-ortopedi, t.f.d. Dr.Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasının qonağıdır:

- Doktor, diz ağrısı nədir? Nə vaxt həkimə müraciət etmək lazımdır?

- Diz oynaqları gündəlik həyatımızda dayaq-hərəkət sisteminin daha çox yüklənən və dinamik hissəsidir. Diz ağrısı oynaqdaxili və oynaqxarici strukturlarda patoloji dəyişikliklərin yaranmasının ilk əlamətlərindəndir. Mexaniki və yalançı diz ağrısı isə dizdən kənar xəstəliklər zamanı - daha çox artıq çəki, yastıpəncəlilik, baldırlarda-pəncələrdə varus-valqus deformasiyası, bel-oma və bud-çanaq xəstəlikləri zamanı müşahidə olunur. Diz oynaqlarında ağrıların yaranma səbəblərindən biri osteoartritdir (artroz) və daha çox yaşlı insanlarda müşahidə edilir. Yaş faktoru ilə yanaşı digər əsas yaranma səbəbləri - burxulma, əzilmə kimi travmalar, podaqrik artrit, revmatik poliartrt, infeksion artritlər, artıq çəki, menisk zədələnmələri, sümük iliyi ödemi, oynaq qığırdağının digər zədələnmələridir. Diz oynaqlarında ağrılar travmadan sonra və ya digər səbəblərdən yaranırsa, zaman itirmədən həkimə müraciət etmək vacibdir. Çünki oynaqlarda yaranmış kiçik struktur dəyişiklik daha dərin problemlərin yaranmasına gətirib çıxara bilər.