Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacımurad Hacıyev 1/8 final görüşünə çıxıb. SİA-nın məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan Hacıyevin rəqibi özbəkistanlı ikiqat Asiya çempionu və Asiya Oyunlarının qalibi, dünya mükafatçısı Bekzod Abdurahmonov oolub.
Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 12:9. Bununla da Hacıyev 1/4 finala yüksəlib.
Sərbəst güləşçi Cəmaləddin Məhəmmədov 1/8 final görüşünə çıxıb. 125 kq çəki dərəcəsində yer alan Məhəmmədovun rəqibi Matuxin olub.
Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, digər sərbəst güləşçi Ağahüseyn Mustafayev ikinci görüşünə çıxıb. 70 kq çəki dərəcəsində yer alan yığma üvü 1/8 finalda bruneyli Adam Batırovla qarşılaşıb.
Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
65 kq çəki dərəcəsində yer alan Hacı Əliyev isə növbəti təsəlliverici görüşünə çıxıb. Onun rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. İlk yarıda Otoquro 4:2 hesabı ilə önə çıxıb.
Fasilədən sonra azərbaycanlı 3 qat dünya və 3 qat Avropa çempionu fərqi aradan qaldıra bilməyib. O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.