Avstriya imzalanacaq ticarət sazişinə veto qoymalıdır

20 Sentyabr 2019 06:36 (UTC+04:00)

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub.

SİA xəbər verir ki, komissiyanın qəbul etdiyi qərara əsasən, Avstriya Avropa İttifaqı və Merkosur dövlətləri (Braziliya, Argentina, Paraqvay, Uruqvay və Venesuela) arasında imzalanması nəzərdə tutulan ticarət sazişinə veto qoymalıdır. Milli qanunvericiliyə görə, Avstriya hökuməti Parlamentin qərarlarını icra etməyə məcburdur və hökumət hazırda Brüsseldə ətrafında müzakirələr aparılan azad ticarət sazişinə veto qoymalıdır.

Avstriya hökumətinin sözçüsü Aleksander Vinterştayn bildirib ki, ölkə konstitusiyasında bu kimi halları aydın şəkildə tövsif olunub və hökumət Aİ səviyyəsində Merkosur razılaşmasına qarşı mövqe tutacaq.

Hazırda Avstriya parlament seçkiləri ərəfəsində olduğuna görə, indiki keçid hökumətinin həmin razılaşmaya qarşı veto hüququndan istifadə edəcəyi vaxt baxımından real görsənmir. Bu isə yeni təsis olunacaq hökumətin fəaliyyətə başladığı elə ilk günlərdə artıq ağır yük altına girəcəyini göstərir.

Bir neçə Aİ ölkəsi (Lüksemburq, Fransa, İrlandiya) tərəfindən nəzərdə tutulan sazişə mənfi mövqe bəyan edilməsinə baxmayaraq, hələlik heç bir ölkədə rəsmi şəkildə qərar qəbul edilməmişdi. Avstriya Parlamentinin bu qərarı isə barəsində 2020-ci ilin ortalarınadək Aİ səviyyəsində vahid rəsmi qərarın taleyini indidən ağır zərbə altında qoyub.

Avstriya mətbuatında Parlamentin sərt mövqeyi hazırda Cənubi Amerikada, xüsusilə də Braziliyada Amazon meşələrində baş verən yanğınlarda yerli hökumətlərin laqeydliyi, Avropada yerli fermerlərin maraqlarının bu sazişlə tapdanacağı və həmçinin ətraf mühitin qorunması üçün şərtlərin gözlənilməməsi ilə əsaslandırılıb.

Qeyd edilməlidir ki, 260 milyon əhalini əhatə edən Merkosur dövlətləri ilə Aİ arasında azad ticarətə dair assosiasiya sazişi ilə bağlı danışıqlar 1999-cu ildən bəri aparılır. Aİ Şurasında bütün üzv ölkələrin nazirləri tərəfindən sazişin mətni razılaşdırıldıqdan sonra, Avropa Parlamenti və bütün üzv ölkələrin parlamentləri sazişin mətnini ratifikasiya etməlidir və yalnız bundan sonra saziş qüvvəyə minə bilər. Avstriya Parlamentinin sərt addımı isə bu sazişin önünə ciddi hüquqi sədd çəkmiş oldu.

Avropa Komissiyası Avstriya Parlamentinin qərarını şərh etməyib və bildirilib ki, ratifikasiya prosesinə hələ start verilməyib və tərəflər təklif olunan mətnin hüquqi yoxlanışı həyata keçirdikdən sonra sazişin bütün ticarət aspektlərini ehtiva edən yekun versiya hazırlanacaq. Yalnız bundan sonra komissiya həmin mətni üzv dövlətlər və Avropa Parlamentinə təsdiq üçün təqdim edəcək.

Mətn üzərində redaktə işinin aparılması milli parlamentlərdə hansısa fikir dəyişikliyinə səbəb olacağı isə elə də asan məsələyə bənzəmir.