"Qarabağ"a vurduğum qol möhtəşəm idi" - Xavyer Ernandes

20 Sentyabr 2019 05:17 (UTC+04:00)

“Bütün komandamızın göstərdiyi oyuna görə sevinirəm və çox xoşbəxtəm. Hesabı açmağıma gəlincə, "Qarabağ"a vurduğum qol möhtəşəm idi. Çünki oyunun həmin anında çox vacib idi”.

SİA xəbər verir ki, bunu İspaniyanın “Sevilya” klubunun futbolçusu Xavyer Ernandes deyib.

“Çiçarito” ləqəbli meksikalı hücumçu Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la Bakıdakı görüşü haqda fikirlərini açıqlayıb. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran X.Ernandes 3:0 hesablı qələbədən ilk qolu vurmasının rolunu vurğulayıb: “Həmin qol vurulmasaydı, işimiz çox çətin olacaqdı. Əminəm ki, komanda yoldaşlarım da, baş məşqçimiz də mənim kimi oyundan və nəticədən məmnundurlar. Ümid edirəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik. “Sevilya”da qol hesabımı açmağım özünəinamımı da artırır. Çünki hücumçu qol vurmalıdır. Düzdür, komanda yoldaşım De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir”.

X.Ernandes bu qələbədən daha da ilhamlanacaqlarını qeyd edib: “Oyunumuza gəlincə, qarşıda hələ çox matçımız olacaq. Düşünürəm ki, oyun keyfiyyətlərimizi daha da yüksəldəcəyik. Bir neçə gündən sonra “Real”la üz-üzə gələcəyik. Bu, təkcə mənim üçün deyil, bütün “Sevilya” üçün xüsusi matçdır. Sabahdan bu oyunun həyəcanı ilə yaşayacağıq”.