"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

20 Sentyabr 2019 00:01 (UTC+04:00)

"Əsrin müqaviləsi"nin imzalanmasının bu gün 25 ili tamam olur.

SİA xəbər verir ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur.

“Əsrin mqaviləsi”nin ərsəyə gəlməsi və imzalanması dahi rəhbər Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi idi.

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bu "əsas ixrac neft kəməri"nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaqdır.