Millimizin üzvü bürünc medal uğrunda güləşəcək

19 Sentyabr 2019 16:34 (UTC+04:00)

Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

SİA-nın məlumatına görə, mübarizəyə səkkizdəbir finalda qoşulan qadın güləşçimiz E.Manolova (65 kq) hindistanlı rəqibi Kaur Navyotı "tuşe" ilə məğlub edib. Avropa çempionu dörddəbir finalda Türkiyə güləşçisi Kadriye Aksoya da qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısı İnna Trajukova ilə görüşdən məğlub ayrılan E.Manolova bu gün bürünc medal üçün güləşəcək.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.