Azərbaycan komandası mini-futbol turnirində ikinci yeri tutub

18 Sentyabr 2019 17:55 (UTC+04:00)

Sentyabrın 14-15-də Moskvada "Dəniz və çay limanlarının V Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turniri keçirilib. SİA-nın məlumatına görə, “Spartak” stadionunda baş tutan turnirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandası da iştirak edib. Ümumilikdə 16 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində baş tutub.

Komandamız dörddəbir finalda Vladivastokun təmsilçiləri ilə üz-üzə gəlib. Oyun “ASCO-Dənizçi”-nin xeyirinə başa çatıb - 4:0

Beləliklə, ikidəbir finala yüksələn futbolçularımız turnirin üçqat qalibi “Seremetyevo Xendlinq” komandasını qəbul edib. Bu dəfə də yarış “ASCO-Dənizçi”-ninüstünlüyü ilə başa çatıb - 2:1

Finalda ASCO-nun rəqibi Həştərxan Xəzər Dəniz Gəmiçiliyi olub. Gərgin keçən mübarizədə komandamız 1:0 hesabı ilə qələbəni əldən verib.

Beləliklə, “ASCO-Dənizçi” 16 komanda içərisində II yeri tutub və turnirə ilk dəfə qatılan komanda olaraq peşəkar oyun nümayiş etdirdiyinə görə xüsusi kuboka layiq görülüb.

Qeyd edək ki, "Dəniz və çay limanlarının Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turnirin keçirilməsində məqsəd çay və dənizçilik şirkətləri arasında dostluq əlaqələrini qorumaq və möhkəmləndirmək, bədən tərbiyəsi və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.