Mingəçevir Dövlət Dram Teatrı- 51-ci mövsümünə başladı

18 Sentyabr 2019 15:44 (UTC+04:00)

2018-ci ildə yaranmasının 70 illiyini möhtəşəm səviyyədə qeyd edən Mingəçevir şəhərinin yeganə peşəkar kollektivi onun Dövlət Dram Teatrıdır. Bu kollektiv sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayıb. Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ldən respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə ilk dəfə pərdələrini tamaşaçıların üzünə açıb. Bu tamaşanın da quruluşçu rejissoru, teatrın ilk baş rejissoru, yüksək peşəkar insan, dəyərli ziyalı İldırım Cabbar və rejissoru Xalq artisti Zülfüqar Abbasov olub. Bu teatrın az vaxtda böyük uğurlarını görən respublika rəhbərliyi 1974-cü ildə teatra Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri, SSRİ Xalq artisti Mərziyyə Davudovanın adını verib.

Teatr yarandığı ilk vaxtlardan repertuarını Azərbaycanın, dünya klassiklərinin və müasir dramaturqlarının ən yaxşı əsərləri ilə bəzəyib. Bunlardan- Mirzə İbrahimovun “Kədçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Unuda bilmirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”, “Kimin sualı var?” ( eyni adlı poema əsasında), Cəlil Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudinin “Yol kənarı”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin “Duman çəkilir”, Ağalar İdrisoğlunun “Məhkəmədən əvvəl məhkəmə”, Nodar Dumbadzenin “Mən nənəm, İliko, İllarion”, İsi Məlikzadənin “Gəl qohum olaq”, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) və sairə tamaşalar yaxşı uğur qazanmaqla, həm də tamaşaçıların böyük marağına səbəb olub.

Bir vaxtlar bu teatrın direktoru işləyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Alimov, baş rejissorlar İldırım Cabbar, Füzuli Sərkərov, bədii rəhbər-direktor Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Sonralar teatrda baş rejissor işləyən Vaqif Ağayev, Rövşən Almuradlı, Günay Səttar, Xəzər Gəncəli və quruluşçu rejissor işləyən başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını özünün dəsti-xətti olan respublikanın ən aparıcı teatrlarıdan biri ediblər.

Hər bir teatrda yaxşı aktyor teatrın güzgüsü olduğu kimi, bir vaxtlar bu teatrda və elə bu gün də çox istedadlı aktyorlar, aktrisalar çalışıb və çalışırlar. Bunlardan- Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Alimov, Kifayət Əliyeva, Mirbaba Xəlilov,Gülsolmaz Qafarova, Heybət Hörmətzadə, Elmira İsmayılova, Lətifə Hüseynova, Telman Şərifov, Əlisa Kərimov, Şıxəli İlyasov, Gəray Gərayev, Məzahir Ağayev, Təvəkkül Əhmədov, Zülfü Məmmədov, Neftun Tağıyev, Zakir Qurbanov, Ərşad Qoçəliyev, Ayaz İbrahimov, Afət Əliyeva, Qabil İbrahimli, Məlahət Ağayeva, Elmira İbrahimova, Aydın Quliyev, Nəsibxan Əliyev, Ruhəngiz Abdullayeva, Firuz Hacıyev, Asim Məmmədov, Könül Hacıyeva ilə yanaşı, çoxlu cavan və istedadlı aktyorlar, aktrisalar da maraqlı rollar oynamaqla tamaşaçı marağına səbəb olurlar. Cavan və perspektivli aktyor və aktrisalardan- Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Vüsalə Quliyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəliyev özlərinin maraqlı oyunları ilə rejissorların ümidini daha çox doğruldurlar. Və özlərinin çalışqanlığı, oynadığı rollara daha ciddi yanaşmaları ilə gələcəkdə daha maraqlı aktyorlar olacağını sübut etməyə çalışırlar.

Bu mövsümdən yenidən teatra qayıdan Əməkdar artist Akif Mirabovun və çox böyük təcrübəli Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən teatra qayıtması kollektivdə böyük coşqu ilə qarşılanıb. Çünki belə peşəkar aktyorların teatrın inkişafında əvəzsiz xidmətləri olub. Onlar bu teatrın səhnəsində çox maraqlı rollar oynayıblar.

Sentyabr ayının 16-da teatrın yaradıcı kollektivi 51-ci mövsümun başlanması ilə əlaqədar səhər tezdən ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Sonra Mingəçevir Şəhidlər Xiyabanına gedib, orada dəfn olunan və bir vaxtlar teatrda işləmiş, Milli Qəhrəman Rəşad Akif oğlu Mirabovun və aprel şəhidləri Adil Adilzadənin, Teymur Rüstəmin qəbrini ziyarət ediblər. Sonra bir vaxtlar onlarla çiyin-çiyinə işləmiş və artıq dünyalarını dəyişən aktyor və aktrisalar- Əməkdar artist Nisə Rzayevanın, aktrisa Elmira İsmayılovanın, aktyor-rejissor İldırım Cabbarın, aktyorlar Gəray Gərayovun, Neftun Tağıyevin, Əlisa Kərimovun, Pərvanə Qurbanovanın, aktyor və direktor işləmiş İsa Alimovun qəbrini ziyarət edib və orada həmin adamlarla bağlı öz xatirələrini danışıblar. Bu da teatrda işləməyə gələn cavan aktyorlarda, aktrisalarda böyük coşqu və sevinc yaradıb.

Sentyabr ayının 16-da Mingəçevir Dövlət Dram Teatrının kollektivi saat 17-00-da 51-ci mövsümün ilk tamaşasına başlamamışdan əvvəl, teatrın direktor müavini Vüsal Məmmədov, Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Akif Mirabov, Şıxı Yaqubov, tanınmış aktyorTəvəkkül Əhmədov və eləcə də bu teatrda tamaşa hazırlayan, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səhnə önünə çıxıb, tamaşaçılara Mingəçevir Dövlət Dram Teatrının keçmişi və bu günü ilə bağlı maraqlı məlumatlar veriblər. Öz xatirələrini danışıblar. Teatrın insanın təxəyyülünün, təfəkkürünün inkişafında necə böyük rol oynamasından, şəxsiyyət kimi formalaşmasında necə böyük rol oynamasından ətraflı danışıblar. O da vurğulanıb ki, peşəkar teatrın Mingəçevirdə olması elə bu şəhərin camaatı üçün böyük xoşbəxtlikdir. Mingəçevirlilər tez-tez teatra gəlməli və özlərinin belə maraqlı kollektiv ilə fəxr etməlidirlər. Sonra teatrın kollektivi dünya şöhrətli məşhur ispan dramaturqu Federiko Qarsia Lorkanın “Qanlı toy” əsərini yüksək peşəkarlıqla tamaşaçılara göstəriblər. Bu tamaşanı ispan dilindən Azərbaycan dilinə Əfqan Xəlili tərcümə eləyib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimaçı, musiqi tərtibatı Ramiq Nəsirov, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır.

Rollarda teatrın aktyorlarından- Xalq artisti Ella Yaqubova, Elmira İbrahimova, Aydın Quliyev, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Eyvaz Əliyev, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Vüsalə Quliyeva çox maraqlı rollar yaradıblar.

Beləliklə, bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olub. Tezliklə, teatrın kollektivi repertuarında olan başqa tamaşaları da tamaşaçılara təqdim edəcək.

Artıq sentyabr ayının 2-dən teatrda tanınmış yazıçı Qənbər Şəmşiroğlunun “Caninin etirafı” əsərinini məşqlərinə başlanılıb. Bu əsəri səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu işləyiblər.

Pyesdə hadisələr 1988-1993-cü illərdə Çıraqlı rayonunda yeni, Avropa standartlarına uyğun dörd mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. Çünki bu rayonda ilk dəfədir ki, belə böyük sosial obyek tikilir. Həm də işsizliyin tuğyan elədiyi bu rayonda 280 nəfər üçün xəstəxanada iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərin hər birindən pul alıb, işə götürməkdir. Bunu da xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər. Amma bu xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən də Nadir həkimə qəti tapşırılıb ki, bütün işçilər təmənnasız işə qəbul olunmalı və burada əsasən də yalnız öz işinin mütəxəssis olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çıraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət göstərməklə , bir növ Regional Diaqnostika Mərkəzi olacaq. Nadir həkim də Səhiyyə Nazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə ona yuxarı dairələrdən və rayon rəhbərliyi tərəfindən hücumlar çox olur. Bu hücumların qarısını həmin binanın memarı və binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə, Bakıdakı yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiri öldürtdürürlər və bu cinayəti də Aqilin boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.

Bu vaxt xalqın istəyi və böyük təkidi ilə ulu öndər, dahi rəhbər Heydər Əliyev hakimyyətə gəlir və belə çirkin əməllərlə rayonlara rəhbərlik edənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu rayonun güc strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən biri və arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin vicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olmayan Aqilin həbs olunmasının əsl günahkarlarından biri o, özüdür. Məhz buna görə də məktub yazıb Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarışları İdarəsinə göndərir. Bu işdə əsl günahkarların kim olduğunu etiraf eləyir. Bundan sonra həmin dəhşətli hadisə bir də yoxlanılır. Məlum olur ki, Aqilin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz. İbo və onun yaxın qohumu Qasım Məmmədov qətlə yetiriblər. Beləliklə, Aqil iki il səkkiz aydan sonra azad olunur və əsl cinayətkarlar cəzalanırlar. Aqil həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə uyaraq, Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla

nişalanıb. Gülcan elə ilk günlərdən səhv etdiyini başa düşür. Aqil həbsdən azad olunandan sonra isə daha çox peşiman olur. Gülcan, Şərbətin qısqanclığı, təhqirlərilə qarşlaşanda özünə qəsd edib, özünü öldürür...

Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar, maraqlı, xarakterik obrazlar tamaşanı daha baxımı edir. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları, 1988-1993-cü illərin xaosunu, vəzifə üstündə gedən davaları göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Yaqubov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əlyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tezliklə tamaşaçılara təqdim edəcəklər. Tamaşanın rejissor və aktyorlar tərəfindən çox ciddi və maraqlı məşqələri gedir. Aktyorların, aktrisaların böyük həvəslə məşq etdikləri, “Caninin etirafı” tamaşasının ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub. Biz, inanırıq ki, bu tamaşa teatrın ən məşhur tamaşaları sırasında özünə layiqli yer tutmaqla Azərbaycan səhnəsinin ən baxımlı tamaşalarından biri olacaq. Çünki rejissor tərəfində verilən maraqlı mizanlar, səhnənin yaxşı tərtibatı, bəstəkar tərəfindən yazılan musiqilər, plastik həll və aktyorların oynadığı rolları obrazlar səviyyəsinə qaldırması bizə yuxarıdakı fikiri deməyə əsas verir.

Vüsal MƏMMƏDOV

Jurnalist-publisit