Paşinyanın ətrafı onu tərk edir TƏHLİL

18 Sentyabr 2019 12:45 (UTC+04:00)

Ermənistanın Polis İdarəsinin rəisi Valeriy Osipyanın Təhlükəsizlik Şurasının iclasından sonra istefa verdiyi məlum olub. Ermənistan mediasında yayılan məlumatlara görə, görüş polis rəisinin etiraz etdiyi Amulsar mədəninə aparan yolun güclə açılmasına həsr olunmuşdu. Məlumatlarda həmçinin qeyd olunur ki, baş nazir Polis İdarəsinin rəisindən bu görüşdəki etirazına görə qəzəblənib və bundan sonra Osipyan istefa verib.

Sözsüz ki, bu yeganə səbəb deyil. Nikol Paşinyan dəfələrlə hüquq-mühafizə orqanlarından şikayət etdiyi də gizli deyil. Öz növbəsində, hakimiyyətin müxtəlif qolları da hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xüsusən də polisə qarşı narazılığını mütəmadi olaraq bildirib.

Ermənistan hakimiyyəti öz müqəddaratını güclə qorumağa çalışır

“Mənim addımım” partiyasının deputatları bu yaxınlarda da parlamentdə polis hərəkətləri məsələsini qaldırıblar. Xüsusilə Arusyak Zulxakyan, polisin demokratiyanı siqnal olaraq qəbul etdiyini və əksər hallarda pozuntulara müdaxilə etmədiyini söyləyib. Söhbət müxalifətin hərəkətlərindən gedir. Yəni “Mənim addımım” polisi həddən artıq tolerantlıqda ittiham edir və müdaxilə etməməkdə, güc tətbiq etməməkdə günahlandırır. Belə çıxır ki, hakim partiya, ümumilikdə Ermənistan hakimiyyəti ölkə polisindən güc tətbiq etməsini tələb edir. Bir sözlə, Ermənistan hakimiyyəti öz müqəddaratını güclə qorumağa çalışır.

Digər tərəfdən, Vanesyan və Osipyanın istefası, özü də bir birinin ardınca istefası təsdiq edir ki, Ermənistan hakimiyyəti özünü qorumaq, öz hakimiyyətini mühafizə etmək üçün yalnız güc strukturlarından dəstək gözləyir. Bu faktlar təsdiq edir ki, mövcud Ermənistan hakimiyyətinin başda Paşinyan olmaqla artıq ictimaiyyətə, ictimai dəstəyə zərrə qədər gümanı qalmayıb. Əksinə, narazılıqların dinamik şəkildə artımı, etirazların, nümayişlərin bir-birini əvəz etməsi, hər bir sahədə hakimiyyətdən narazılıqların olması göstərir ki, ictimai dəstəyə artıq Paşinyan komandasının ümidi ola da bilməz.

Məsələnin Ermənistan hakimiyyəti, şəxsən baş nazir üçün ən acınacaqlı tərəfi ondan ibarətdir ki, inqilab yoldaşı da artıq Paşinyanı tərk edir. Özü də narazılıqlar fonunda tərk edir. İtaətsizlik edir, tapşırıqlarına əməl etmir və ümumiyyətlə onunla fikir ayrılıqları var. Görəsən, məsələnin kökündə nə var ki, məhs güc strukturlarının rəhbərləri Paşinyanla razılaşmır və hətta istefa ərizəsi də yazır? Təbii ki, bir vaxtlar demokratiya, insan haqları, hüquqlar, azadlıqlar deyə pafoslu çıxışlardan istifadə edərək hakimiyyəti ələ keçirən Paşinyanın indi güc yolu ilə hakimiyyətini qorumaq istəyi məsələnin kökündə dayanan ən başlıca amildir. Ona görə ki, artıq erməni baş nazir öz hakimiyyətini Milli Təhlükəsizlik, polis kimi güc strukturları hesabına qoruyur. Hazırki Ermənistan hakimiyyətinin polisdən başqa müdafiəçisi olmadığını Paşinyan və onun komandası çox yaxşı dərk edir.

Paşinyan öz hakimiyyətini qorumaq üçün onunla meydanda olan inqlab yoldaşını da güdaza verə bilir
Bu insanlar həqiqətən günahkardırlar, yoxsa bu hökumət daxilindəki problemdir? Yaxud, müxtəlif məsələlərdə fikir ayrılıqları ciddi boşluqlar demək deyilmi? Əvvəla, Paşinyan günahkar hesab etdiyi, itaətsizlikdə, fikir ayrılığında qınadığı insanları məmur təyin etmişdisə, deməli, onlar indi, hazırki vəziyyətdə baş nazir üçün itaətkar və günahkar hesab olunurlar. Deməli, istefa verən məlurlar heç də günahkar deyillər. Günah elə Paşinyanın özündədir. Ümumiyytlə, bu ayrı-ayrı fərdlər, məmurlar arasında yox, hökumət daxilindəki problemdir.

Bir tərəfdən müxtəlif məsələlərdə fikir ayrılıqlarını, ciddi boşluqların yaranmasını təhlil etdikdə Ermənistan hökumətinin ciddi daxili problemlərlə üzləşdiyi aydın olur. Digər tərəfdən, ictimai narazılıqların artması, əvvəlki sistemdəki müxtəlif qrupların təzyiqi Ermənistanın mövcud hakimiyyətinin, Paşinyan komandasının təkcə daxili deyil, çox ciddi problemlərindən xəbər verir. Əbəs yerə deyildi ki, Vanesyan Paşinyanın yürütdüyü siyasəti elementar və məntiqsiz bir siyasət adlandırıb.

İndi polis rəisinin də istefası sıradan bir istefa və sıradan bir hadisə deyil. Çünki, istefa verən polis rəisi Osipyan baş nazirin şəxsən inqlab yoldaşı, bir sözlə, əqidədaşıdır və onun istefası Paşinyan üçün daha böyük zərbədir. Ona görə böyük zərbədir ki, daxildə ictimaiyyət də, xaricdəki müşahidəçilər də, qulaqları demokratiya, azadlıq, insan haqları kimi inqlabi şuarlarla doldurulmuşlar da, pafoslu şuarlarla aldadılmışlar da bu istefadan sonra Paşinyanın nə mal olduğunu açıq-aşkar gördülər. Gördülər ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün onunla meydanda olan inqlab yoldaşını da güdaza verə bilir.

Məsələ burasındadır ki, erməni baş nazirin bu simasını, bu sifətini ictimaiyyət çox yaxşı gördü və artıq Paşinyan dərk etməlidir ki, Osipyanın istefası onun üçün bir siqnaldır. Baş nazir dərk etməlidir ki, onun özü və bütün nümayişçilərlə, inqilabla birlikdə gedən polis rəisi ondan ayrılır. Daha dəqiq desək, onun bütün nümayişçi yoldaşları, inqlabi gücü, bir sözlə mahiyyəti ondan ayrılır. Bu da öz növbəsiondə Ermənistanda yeni bir mərhələnin, yeni inqlab qığılcımlarının başlanğıcını göstərir.