ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

17 Sentyabr 2019 23:01 (UTC+04:00)

ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev, Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spangerdir.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tədbirdə kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitabın birinci hissəsində Dağlıq Qarabağ düyününün qaynaqları və münaqişələrinin həllinə dair geniş məlumat verilir. İkinci hissədə Aland, Bosniya və Herseqovina, Kosovo, Cənubi Tirol, Triyeste, Kipr, Şimali İrlandiya və Kvebekdə münaqişə halları nəzərdən keçirilir. Üçüncü hissəni isə alimlər “Nəticələr və qənaətlər: Dağlıq Qarabağdan çıxış yolu” mövzusuna həsr ediblər.

Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spanger bildiriblər ki, akademik nəşr Millətlər Liqası yarandığı vaxtdan bəri etno-ərazi münaqişələrinin həllində istifadə olunan siyasi modelləri araşdırır. Elmi tədqiqatın məqsədi Dağlıq Qarabağ düyününə aid ola biləcək həll mexanizmlərini üzə çıxarmaqdır.

Kitabda münaqişələrin həllinə dair nəzəri biliklə praktiki təcrübə bir araya gətirilır, münaqişələrin müqayisəli təhlili verilir. Nəşrdə Dağlıq Qarabağ probleminin həllində siyasi yanaşmaya yararlı ola biləcək elmi tədqiqatlar yer alıb.

Qeyd edilib ki, bu nəşr Almaniyanın Sülh Tədqiqatları İnstitutu ilə uzun illər birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi tədqiqat əsəridir. Kitabda münaqişənin uğurlu həlli halları təhlil edilib. Beynəlxalq ictimaiyyətə akademik tövsiyə olan bu tədqiqatın nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr olunub. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, ADA-nın İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və başqaları kitab haqqında fikirlərini bölüşüblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.