Pirallahıda "Neftçilər Günü" münasibətilə tədbir keçirilib TƏDBİR + FOTOLAR

16 Sentyabr 2019 17:04 (UTC+04:00)

16 sentyabr 2019-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümü ilk partiya təşkilatında "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümünün rəisi, YAP Pirallahı rayon təşkilatı idarə heyətinin üzvü Elxan Məmmədov qeyd etdi ki, bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyası xalqımıza təbii sərvətlərdən bəhrələnmək imkanını reallığa çevirdi. "Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi”.

Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümünün Neftaşırma sahəsinin mühəndisi Kamil Hacıyev Neft Kəmərləri İdarəsi Dübəndi İstehsalat Bölümünün Azərbaycan neftinin dünya bazarına ixrac olunmasında mühüm rola malik olduğunu qeyd etdi.

Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev neft sənayemizin şanlı və şərəfli tarixindən danışaraq tədbir iştirakçılarını peşə bayramı və "Əsrin müqaviləsi"nin 25 illiyi münasibətilə təbrik etdi.

Tədbirin sonunda bir qrup partiya fəalına Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.

Rövşən RƏSULOV