Turizm sahəsinin inkişafında yeni və məhsuldar mərhələ

16 Sentyabr 2019 16:48 (UTC+04:00)

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8,3 faiz artaraq, 2,1 milyona çatıb

Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür. Son illər ərzində, ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar və qəbul edilən dövlət proqramları dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Onu da bildirək ki, ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən, əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.
Son 16 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Bölgələrdə ən müasir səviyyədə hotellər tikilib. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Görülən işlərin nəticəsidir ki, təkcə avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da, 2018-ci ilin eyni dövrü ilə müqayisədə, 42 min nəfər və ya 13,2 faiz artım deməkdir. Səyahət edənlərin ən böyük qismini 9,3 faiz artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82,2 faiz və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin, Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnlərin sayı 68 minə çatıb ki, bu da, keçən ilə nisbətdə 11 min və ya 20 faiz artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı, müvafiq olaraq, 13, 50 və 11,2 faiz artaraq, 27,14 və 11 minə çatıb. Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3 faiz artaraq, 22,6 minə çatıb. 2019-cu ilin yanvar-avqust dövrü ərzində, Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8,3 faiz artaraq, 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizi Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4 faiz və 38,1 faiz artaraq, müvafiq olaraq, 83 min və 72 minə çatıb.
Göründüyü kimi, Azərbaycanda mövcud olan potensialdan səmərəli istifadə, həyata keçirilən layihələr və infrastrukturun qurulması turizmin sürətli inkişafına töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI