Mərhum pilotun ailəsi DTX-ya müraciət etdi SAXTA PROFİL

16 Sentyabr 2019 14:07 (UTC+04:00)

MiQ-29 hərbi təyyarəsi ilə hərbi təlim uçuşu edərkən, qəzaya uğrayaraq həlak olan pilot Rəşad Atakişiyevin ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə müraciət edib. SİA xəbər verir ki, buna səbəb sosial şəbəkədə şəhid pilotun həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılaraq, həmin profil vasitəsilə insanlardan maddi yardımın istənilməsidir.

Belə ki, Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynlinin sözlərinə görə, müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir", deyə Q.Hüseynli açıqlamasında bildirib.

Qeyd edək ki, politoloq bu məsələdən Müdafiə Nazirliyinin də xəbərdar olduğunu bildirib.