O vəzifə sənin, bu vəzifə mənim... ANALİTİK

16 Sentyabr 2019 13:23 (UTC+04:00)

Müxalifət düşərgəsində 2003 qovğası davam edir

Zaman-zaman seçkilərdə ya məğlub olan, ya da seçkiləri boykot edərək, zəifliklərini etiraf edən ənənəvi müxalifət düşərgəsində hələ də 2003-cü ildə keçirilmiş prezident seçkiləri üstündə dartışmalar gedir. Belə ki, seçkiləri uduzar-uduzmaz dərhal yaxalarını kənara çəkib, guya bu prosesin “qeyri-şəffaf”, yaxud “qeyri-demokratik” keçirildiyini iddia edən tərəflər qarşılıqlı ittihamlarını səsləndirir, həmin vaxtlarda baş verənlər qovğa şəklində ictimailəşdirilir.

Əli Orucovun xatırlatması düşərgədaxili vəziyyəti gərginləşdirib

Belə ki, bu günlərdə AMİP katibi Əli Orucovun mətbuata verdiyi açıqlamasında 2003-cü ildə ölkənin müxalifət düşərgəsinin partiyanın o zamankı sədri Etibar Məmmədovun namizədliyi üzərində dayandığını deməsi, hətta AXCP, Müsavat, ADP və AMİP rəhbərliklərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi məhz E.Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlindiyini iddia etməsi, hətta bu və sonradan bu razılaşmaya o zamanlar Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibovun da qoşulduğunu bildirməsi vəziyyəti daha da gərginləşdirib. Bu isə ilk növbədə belə qənaətə gəlməyə əsas yaradır ki, zamanından və kimliyinən asılı olmayaraq ənənəvi müxalifət hətta radikal üsullara əl atsa belə, xalq tərəfindən dəstək almayıb. Daha dəqiq desək, partiya sədrlərinin hər hansı seçim üzərində dayanması heç də xalqın iradəsinin əks olunması kimi nəzərə alınmayıb, bu səbəbdən də, xalq 2003-cü ildə qaragüruhçu, dağıdıcı müxalifəti dəstəkləməyib.

Sərdar Cəlaloğlunun reaksiyasindan doğan ilginc məqamlar

Bütün bunlar öz yerində, lakin daha bir nüans ənənəvi müxalifətin istər həmin illərdə, istərsə də hazırkı dövrdə bir-birlərini həzm etməməsi, utopik xəyallara dalaraq, guya hakimiyyətə gələrkən hansı vəzifələri aralarında bölüşəcəkləri məsələsində bir-birlərinin ayaqlarını dartmaları faktıdır. Bu amil indi də mövcuddur. Misal üçün, AMİP katibi Ə.Orucovun guya ki, 2003-cü ildə “birləşmiş müxalifətin” E.Məmmədova dəstək göstərdiyini iddia etməsi dərhal ADP sədri, o vaxtlar partiyanın baş katibi olmuş Sərdar Cəlaloğlunun etirazı ilə qarşılanıb. Hətta o, tamamilə fərqli məsələləri ortaya ataraq, necə deyərlər, odun üzərinə yağ tökmüş olub. Məsələ ondadır ki, mediaya açıqlamasında “demokratların” sədri bildirib ki, seçkilər ərəfəsində əsas qarşıdurmalar məhz vəzifə bölgüləri üstündə olub. O, bildirib ki, E.Məmmədov heç də vahid namizəd olmayıb və bu gün sədri olduğu ADP 2003-cü ildə AMİP-in o zamankı sədrinin vahid namizəd olması məsələsinə dəstək verməyib. “Sadəcə olaraq seçkidən öncə Londonda 4 partiya lideri arasında məlum görüş olmuşdu”, deyə xatırladan ADP sədri qeyd etdiyinə görə, həmin görüşdə liderlər razılaşmışdılar ki, seçki kampaniyasının gedişatında kimin xalq arasında reytinqinin çox olduğu, kimin seçki mitinqlərinə çox sayda insan qatıldığı müşahidə edilərsə həmin namizədin ətrafında hamı birləşsin və sonda vahid namizəd olaraq onu müdafiə etsin: “Seçki kampaniyasının bir müddəti arxada qaldıqdan sonra Ə.Kərimli məni dəvət etdi və dedi ki, İ.Qəmbərin mitinqləri onun E.Məmmədovdan açıq-aşkar üstünlüyə, daha çox xalq dəstəyinə malik olduğunu göstərir, ona görə də London razılaşmamıza görə gəlin İ.Qəmbəri vahid namizəd elan edək. Ə.Kərimli bildirdi ki, bu barədə E.Məmmədovla da danışacaq. Mən də R.Quliyevlə bu barədə danışdım və R.Quliyev də razılaşmaya əməl edərək İ.Qəmbəri dəstəkləməyə hazır olduğunu dedi. Getdim İ.Qəmbərin yanına bütün bunlar barədə məlumat verdim”.

Əli Kərimli Etibar Məmmədovla İsa Qəmbərə kəf gəlib?

Göründüyü kimi, 2003-cü ilin prezident seçkiləri ərəfəsində ilk “qazanı qaynadan” AXCP sdəri Ə.Kərimli olub və prosesin gedişatına dolayı yolla maneələr yaradıb. Çünki sonrakı proseslər də belə nəticəyə gəlməyə zəmin yaradır. S.Cəlaloğlunun bildirdiyinə görə, sonra Ə.Kərimli ilə E.Məmmədov İ.Qəmbərlə ”Kiyev" restoranında görüşmüşdülər: “Orada İ.Qəmbəri aldatmışdılar ki, guya R.Quliyev heç bir böyük vəzifə istəmədiyini deyib. Həmçinin orada İsa bəyə onun namizədliyini prezident şurası yaradılacağı, E.Məmmədovun həmin şuraya sədr təyin edilməsi, Ə.Kərimlinin baş nazir olması şərtləri ilə dəstəkləməyə hazır olduqlarını demişdilər. Əgər E.Məmmədovun müxalifətin vahid namizədi olması barədə razılıq var idisə onlar niyə gedib İ.Qəmbərlə belə bir danışıq aparmışdılar? E.Məmmədovun vahid namizədliyi məsələsi qətiyyən olmayıb. Bu məsələ o zaman heç bizim ağlımıza belə gəlmirdi”.

Bu gün bir daha anlaşılır ki, xalqın iradəsi, seçimi hər zaman doğru olub

Digər bir məqam isə, ADP-də uzağı bir neçə nəfərin E.Məmmədovun namizədliyinin dəstəkləndiyi məsələsidir. Bu baxımdan, S.Cəlaloğlu bildirib ki, Əvvəllər R.Quliyevdə də E.Məmmədovu müdafiə eləmək meyli hiss edilirdi. Sonradan isə o fikrini dəyişərək, İ.Qəmbərə tərəf meyllənib.

Ancaq S.Cəlaloğlunun iddia etdiyi digər maraqlı məqam həm də ondadır ki, AXCP sədri Ə.Kərimlinin digərlərindən fərqli olaraq, məhz E.Məmmədovu dəstəkləməsi vəzifə bölgüsündən narazı qalması ilə bağlı olub. “Beləliklə, müxalifətin bütün qüvvələrinin vahid namizədlə seçki qutusuna getməsi planı pozuldu”, deyə xatırladan ADP sədrinin dediklərinin təhlilini apararsaq, həm də bu cür nəticəyə gələ bilərik ki, yalnız xalq tərəfindən dəstəklənmədikləri deyil, həm də bir-birləri ilə vəzifə davaları aparmaları da bu müxalifətin sonunu gətirib. Əlbəttə ki, xalq belə bir müxalifətə heç vaxt dəstək göstərə bilməzdi və bu gün bir daha anlaşılır ki, xalqın iradəsi, seçimi hər zaman doğru olub.