BMT-nin Baş katibi beynəlxalq ictimaiyyətə müraciət edib Bahama görə

16 Sentyabr 2019 12:34 (UTC+04:00)

Dağıdıcı “Dorian” qasırğasından zərər çəkmiş Bahama xalqı və hökuməti ilə həmrəylik nümayiş etdirmək üçün bu ölkəyə səfər edən BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyətə müraciət edib. Hazırda BMT-nin əməkdaşları Abako və Böyük Baham adalarının əhalisinə yardım göstərirlər. SİA təşkilatın saytına istinadla xəbər verir ki, Quterreş bütün dünya ictimaiyyətini iqlim dəyişikliklərinə qarşı daha fəal mübarizə aparmağa çağırıb. O deyib: “Bir neçə rayonda tikililərin dördə üçündən çoxu dağılıb, məktəb və xəstəxanalar xarabalığa çevrilib. Minlərlə insan evsiz-eşiksiz qalıb yardıma möhtacdır. Ərzaq və su çatışmır”. Baş katib əlavə edib ki, öz evlərini və əmlakını itirən insanlar çaşqınlıq içindədir və bundan sonra necə yaşayacaqlarını bilmirlər.

BMT-nin Baş katibi vurğulayıb ki, iqlim dəyişikliyi qasırğa və digər təbii fəlakətlərin sayının artmasına səbəb olur. Təcili tədbirlər görülmədiyi təqdirdə bu cür halların sayı azalmayacaq. O, təəssüflə qeyd edib ki, iqlim dəyişməsi, ilk növbədə, atmosferə ən az parnik qazı buraxan ölkələr, məsələn, Bahamanın payına düşür. Eyni zamanda, təbii fəlakətlərdən də ən çox zərər görən əhalinin yoxsul təbəqələridir, çünki bu hadisələr ölkələrin maliyyə vəziyyətinə də zərbə vurur.

Quterreş diqqətə çatdırıb ki, Bahamaya dəyən zərərin miqdarı araşdırılır, amma indidən onun milyardlarla dolara çatdığı ehtimalları var. O əlavə edib ki, həmin ölkə bu yükün altından təkbaşına qalxmaq gücündə deyil və əlavə maliyyə mənbələrinə ehtiyacı var.

Antonio Quterreş ölkələri və bütün beynəlxalq ictimaiyyəti Paris sazişinə uyğun olaraq qlobal temperaturun 1,5 dərəcədən çox artmaması üçün tədbirlər görməyə çağırıb. O qeyd edib ki, bir həftədən sonra Nyu-Yorkda təşkil olunacaq qlobal sammitdə hökumətlər çıxış və nitqlərlə deyil, konkret planlarla iştirak etməlidir.

Alimlər hesab edirlər ki, bu təxirəsalınmaz tədbirləri həyata keçirmək üçün bəşəriyyətin maksimum 11 il vaxtı var.